Türkiyəli "stand-up" komediyaçısı Deniz Göktaş prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etmək və dini dəyərləri alçaltmaqda ittiham olunduğu iş üzrə ilk məhkəmə iclasında bir neçə dəfə zalda olanları güldürüb.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Göktaş 88 gün Çorludakı ciddi rejimli həbsxanada saxlanıldıqdan sonra ilk dəfə məhkəmə qarşısına çıxıb. İclas zamanı ona qarşı irəli sürülən ittihamlara baxmayaraq, komediyaçı özünəinamla çıxış edib və zarafatlar edib.
Məhkəmə komediyaçını ümumilikdə 18 ay müddətinə azadlıqdan məhrum edib. O, dini dəyərləri alçaltmaq ittihamına görə 7 ay 15 gün, prezidenti təhqir etmək ittihamına görə isə 11 ay 20 gün həbs cəzası alıb. Bununla yanaşı, məhkəmə Göktaşın həbsdən azad edilməsinə qərar verib.
Müdafiə çıxışında komediyaçı həbsxanadakı şəraitdən danışıb. O bildirib ki, iyulun 3-dən günəş işığının düşmədiyi kamerada saxlanılıb və digər məhbuslarla ünsiyyət qurmaq imkanı olmayıb. Ailəsi ilə telefonla danışmaq üçün ona həftədə cəmi 10 dəqiqə vaxt verilib.
Göktaş bildirib ki, cinayət təqibi onun stand-up şousundan götürülmüş dörd ifadə ilə bağlıdır. O, bu ifadələri üç il ərzində Türkiyənin müxtəlif şəhərlərindəki çıxışlarında təxminən 198 dəfə səsləndirib. Komediyaçının sözlərinə görə, həmin müddətdə tamaşaçılardan heç biri onun barəsində şikayət etməyib.
O həmçinin iddia edib ki, çıxışının bir hissəsi “YouTube”da yayımlandıqdan sonra sosial şəbəkələrdə ona qarşı kampaniya başladılıb. Göktaşın sözlərinə görə, ayrı-ayrı ifadələr kontekstdən çıxarılaraq dini hisslərin təhqiri kimi təqdim edilib.
Komediyaçı iş üzrə 185 şikayət ərizəsinin təqdim edildiyini bildirib. O qeyd edib ki, yayımlanan videoya təxminən 15 milyon baxış olub, həmin müddətdə onun canlı çıxışlarında isə təxminən 100 min tamaşaçı iştirak edib.
Göktaş həmçinin bildirib ki, başlanmış istintaq barədə məlumat aldıqdan sonra ölkəni tərk etməsi təklif olunsa da, ilk mümkün reyslə öz istəyi ilə Türkiyəyə qayıdıb.
Komediyaçı iyul ayında İstanbul hava limanında saxlanılıb. O, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti ilə bağlı satirik materiallar yayımladığını təsdiqləyib.