"Ağ Ev" cümə axşamı CNN, "MS NOW" və "Politico" jurnalistlərinin girişini bərpa etdiyini açıqlayıb.
"PostMedia" xəbə verir ki, bu, federal hakimin ABŞ Prezidenti Donald Trampın üç media qurumuna tətbiq etdiyi qadağanı Konstitusiyaya zidd hesab etməsi və onların "Ağ Ev" ərazisinə girişinin dərhal bərpa olunmasına dair qərar verməsindən sonra baş verib.
Giriş təxminən günorta saatlarında bərpa edilib. Bundan əvvəl cümə axşamı səhər saatlarında bir neçə saat ərzində jurnalistlərin "Ağ Ev" ərazisinə daxil olmasına icazə verilməyib. Bu vəziyyət üç media qurumunu ABŞ dairə hakimi Tim Kellidən təcili dinləmə keçirməyi tələb etməyə vadar edib. Hakim də bu tələbi təmin edib.
Bazar ertəsi CNN, "MS NOW" və "Politico"nun iddiasına baxan Kelli Trampın tətbiq etdiyi qadağanın 14 gün müddətinə dayandırılmasına qərar verib. Mətbuat azadlığı ilə bağlı məhkəmə işi son bir həftə ərzində həm məhkəmə zalında, həm də Ağ Ev ərazisində paralel şəkildə inkişaf edib.
Kelli jurnalistlərin "Ağ Ev" akkreditasiyasından məhrum edilməsinin, böyük ehtimalla, onların “lazımi hüquqi prosedurla bağlı konstitusion hüquqlarını pozduğu” qənaətinə gəlib.
2017-ci ildə, Trampın ilk prezidentlik müddətində hakim vəzifəsinə təyin etdiyi Kelli eyni zamanda ABŞ Ədliyyə Nazirliyinin milli təhlükəsizliklə bağlı arqumentlərinə şübhə ilə yanaşıb. Administrasiya qadağanı məhz bu arqumentlərlə əsaslandırıb. Kelli qeyd edib ki, qadağanın səbəbinin həmin media qurumlarının saxta və ya mənfi materialları olduğunu məhz Tramp özü bildirib.
Qərarın açıqlanmasından bir neçə saat sonra CNN, "MS NOW" və "Politico" hakimə hələ də girişlərinin bərpa edilmədiyini bildirərək təcili dinləmə keçirilməsini istəyiblər. Politico müxbirindən akkreditasiyanın alındığını açıqlayıb. "MS NOW"un qadın jurnalistinin "Ağ Ev"ə girişinə icazə verilməyib, CNN isə əməkdaşlarından bəzilərinin "Ağ Ev" ərazisinə buraxılmadığını bildirib.
Buna cavab olaraq "Ağ Ev"in mətbuat xidmətinin direktoru Mika Stoperiç məhkəmə sənədində administrasiyanın jurnalistlərin keçid vəsiqələrinin bərpası prosesinə səhər saat 07:25-də başladığını bildirib. Onun sözlərinə görə, mətbuat xidmətinin əməkdaşları keçid vəsiqələrini giriş qapılarında qoyublar ki, jurnalistlər onları təxminən saat 09:55-də götürə bilsinlər.
Tramp ötən cümə günü sosial şəbəkəsində qadağanı elan edərək bildirib ki, bu media qurumları ABŞ prezidentinin fəaliyyətini işıqlandırarkən “DAİMİ OLARAQ NİFRƏT və YALANLAR” dərc etmək və ya yaymaq imkanına malik “olmamalıdır”. Tramp onların materiallarını ABŞ milli təhlükəsizliyinə təhdid adlandırıb.
Üç media qurumu Trampa və onun administrasiyasının digər nümayəndələrinə qarşı iddia qaldıraraq qadağanın ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin olunan söz və mətbuat azadlığını, həmçinin lazımi hüquqi prosedur hüquqlarını pozduğunu bildiriblər.