6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

Gürcüstanın keçmiş baş naziri milyonlarla dollar məbləğində "otkat" almaqda ittiham olunur

25-avqust-2026, 22:30
Gürcüstanın keçmiş baş naziri milyonlarla dollar məbləğində "otkat" almaqda ittiham olunur
Yazı Ölçüsü:

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili barəsində xüsusilə külli miqdarda rüşvət alma ittihamı ilə yeni cinayət işi açılıb.

"PostMedia" "Novosti-Gruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş prokurorunun müavini Amiran Quluashvili xüsusi brifinqdə bildirib.

Prokurorluğun versiyasına görə, Qaribaşvili Müdafiə Nazirliyi üçün tibbi avadanlıq və inventarın satın alınmasının təşkilinə görə 750 min lari məbləğində qanunsuz komissiya alıb. İstintaqın qiymətləndirməsinə əsasən, dövlətə vurulan ümumi maddi zərər 6,98 milyon lari təşkil edir.

İttihama görə, keçmiş müdafiə naziri Juansher Burçuladze həmin vaxt baş nazir olan Qaribaşvili ilə razılaşaraq sifarişləri konkret şirkətlərə 1,5 milyon lari rüşvət müqabilində ötürüb. İstintaqın versiyasına əsasən, əldə olunan vəsiri məmurlar öz aralarında bölüblər.

Ümumilikdə üç satınalma həyata keçirilib. Prokurorluq iddia edir ki, onların qiyməti süni şəkildə şişirdilib. Məhsul və xidmətlərin real dəyəri 11,5 milyon lari olduğu halda, dövlət bunun üçün təxminən 18,5 milyon lari ödəyib.

Qaribaşviliyə qarşı ifadəni hazırda həbsdə olan Burçuladze verib. Bundan əlavə, iyul ayında onun qaynı Vasil Mxeyidze də istintaqla əməkdaşlığa başlayıb və iş üzrə prokurorluğa məlumat təqdim edib.

Yeni ittiham Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsi, yəni rüşvət alma maddəsi ilə irəli sürülüb. Bu maddə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İlin əvvəlində qanunsuz gəlirlərin yuyulması ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Qaribaşvili son həftələrdə özünə qarşı təzyiqlər barədə xəbərdarlıqlar edir. Həbsxanadan göndərdiyi məktublarda Gürcüstanın keçmiş baş naziri hakimiyyət nümayəndələrinin ondan yeni cinayətləri törətdiyini etiraf edən saxta ifadələr almağa çalışdığını və bununla onu potensial siyasi rəqib kimi tamamilə neytrallaşdırmaq istədiklərini iddia edir.

Qeyd etmək lazımdır ki, əvvəlki cinayət işi üzrə Qaribaşvili təqsirini qəbul edib və prokurorluqla prosessual razılaşmaya gedib. Ona 9 ildən 12 ilədək həbs cəzası verilməsi gözlənilsə də, məhkəmə 5 il həbs və 1 milyon lari cərimə təyin edib. Axtarış zamanı aşkarlanan 6,5 milyon dollar isə dövlət tərəfindən müsadirə olunub.

Qaribaşvili Gürcüstan hökumətinə iki dəfə rəhbərlik edib: 2013-2015-ci və 2021-2024-cü illərdə. 2024-cü ildə baş nazir vəzifəsindən ayrıldıqdan sonra hakim "Gürcü Arzusu" partiyasına rəhbərlik edib. Lakin 2025-ci ilin yazında siyasətdən tamamilə getdiyini açıqlayıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31