İsveçrəli turist Balidə yerli sakinlər üçün müqəddəs sayılan Nyepi – Sükut Gününün qaydalarını pozduğuna görə bir il müddətinə azadlıqdan məhrum edilib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, 26 yaşlı Luzian Andrin Tseqreqgen Nyepi zamanı çəkdiyi videonu sosial şəbəkələrdə paylaşdıqdan sonra qalmaqalın mərkəzinə düşüb. Kadrlarda o, kimsəsiz çimərliyə doğru gedir və baş verənləri “dəlilik” adlandırır. Video daha sonra silinsə də, adanın sakinləri arasında narazılıq dalğasına səbəb olub.
Turist mart ayında həbs edilib. Yerli KİV-lərin məlumatına görə, bayram günü o, evdən çıxmaq qadağasını da pozub və paylaşımını söyüşlərlə müşayiət edib.
Nyepi və ya Sükut Günü Balinin ən mühüm hindu bayramlarından biridir. Həmin gün adada həyat demək olar ki, dayanır: sakinlər evlərində qalır, səs-küy salmır, elektrik enerjisindən istifadəyə məhdudiyyət qoyur və əyləncələrdən imtina edirlər. Qaydalar adada olan bütün şəxslərə, o cümlədən xarici turistlərə şamil olunur. Bayram zamanı hava limanı bağlanır, internetə çıxış məhdudlaşdırılır, əyləncə tədbirlərinin keçirilməsi qadağan edilir.
Bu il Nyepi martın 19-da qeyd olunub.
Məhkəmə prosesində Tseqreqgen məhdudiyyətlərin sərtliyini tam dərk etmədiyini və balililərin dini hisslərini təhqir etmək niyyətində olmadığını bildirib. “Etdiklərimə görə dərindən peşmanam və Bali sakinlərindən üzr istəyirəm”, – deyə o, “Associated Press”in məlumatına görə, bildirib.
Lakin məhkəmə onun hərəkətlərini təhqiramiz hesab edib. Hakim bildirib: “Təqsirləndirilən şəxsin etdikləri Bali sakinlərini təhqir edib, onların inanclarına zərər vurub və ictimai qəzəbə səbəb olub”.
Bu, əcnəbilərin Nyepi qaydalarını pozduqları üçün məsuliyyətə cəlb olunduqları ilk hal deyil. Daha əvvəl də turistlər məhdudiyyətlərə əməl etmədiklərinə görə həbs edilərək deportasiya olunublar.
Bununla yanaşı, Bali rekord sayda turist cəlb etməkdə davam edir. Ötən il adanı təxminən 7 milyon xarici turist ziyarət edib. Turist axınının artması ilə yanaşı, əcnəbilərin davranışı ilə bağlı münaqişələrin sayı da artır. Hakimiyyət artıq dini məkanlarda təhqiramiz hərəkətlər, yerli yol hərəkəti qaydalarının pozulması və qapalı turist icmalarının yaradılması kimi hallarla üzləşib.
Bali hakimiyyəti daha əvvəl xarici turistlərin davranışlarına nəzarəti gücləndirmək və yerli qanunların və adət-ənənələrin pozulmasının qarşısını daha sərt şəkildə almaq niyyətində olduğunu açıqlayıb.