Almaniyada istintaq orqanları Leypsiq hava limanı yaxınlığında üçüncü pilotsuz uçuş aparatını, həmçinin təxminən 50 qram güclü hərbi partlayıcı maddə olan heksogen aşkarlayıblar.
"PostMedia" xəbər verir ki, NDR, WDR və "Süddeutsche Zeitung"un hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, aparat avqustun 14-də hava limanının qərb hissəsinə birbaşa bitişik ərazidə yerləşən tarlada tapılıb.
Bundan əvvəl, avqustun 4-də hava limanında partlayıcı ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanmışdı. Ehtimala görə, həmin aparat Ukraynaya məxsus hərbi-nəqliyyat təyyarəsinə hücum etməli idi, lakin detonator işə düşməmişdi.
İstintaqçıların fikrincə, həmin gecə daha bir dronun DHL şirkətinə məxsus yük təyyarəsi ilə toqquşması mümkün olub. Daha sonra təyyarənin quyruq hissəsində zədələr aşkar edilib. “Bild”in məlumatına görə, hüquq-mühafizə orqanları əvvəldən pilotsuz uçuş aparatlarının sayının üç ola biləcəyini istisna etmirdilər.
İstintaq xarici xüsusi xidmət orqanlarının arxasında dura biləcəyi ehtimal olunan hibrid hücum versiyasını araşdırır. Hava limanından uzaq olmayan, tərk edilmiş Kursdorf yaşayış məntəqəsində də pilotsuz uçuş aparatının idarə olunması üçün istifadə edilə biləcək texniki qurğu aşkar edilib.
İş Almaniyanın Baş Prokurorluğunun rəhbərliyi altında Federal Cinayət Polisi İdarəsi tərəfindən terrorçuluq şübhəsi ilə araşdırılır.