ABŞ İran ərazisinə və Hörmüz boğazının müxtəlif hissələrinə hərbi zərbələr endirmək imkanını istisna etmir.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.
Heqsetin sözlərinə görə, Vaşinqton Hörmüz boğazının istənilən nöqtəsində və İran ətrafında hərbi əməliyyat keçirmək imkanını açıq saxlayır. O, ABŞ-nin strateji su yoluna nəzarət etdiyini və İranın limanlarına tətbiq edilən ABŞ dəniz blokadasının yarıla bilməyəcəyini də bildirib.
Pentaqon rəhbəri İranın ABŞ-nin hərbi təzyiqinə tab gətirə bilməyəcəyini və ölkə iqtisadiyyatının artıq ciddi zərər gördüyünü vurğulayıb.
Heqsetin açıqlaması Vaşinqtonun Tehranla bağlı təzyiq siyasətini sərtləşdirdiyi bir vaxtda səslənib. ABŞ administrasiyası İran iqtisadiyyatına qarşı yeni genişmiqyaslı sanksiyalar elan edib və maliyyə təzyiqini artıracağını açıqlayıb.
Hörmüz boğazı ilə bağlı gərginlik son günlər xüsusilə artıb. İran boğaz üzərində nəzarəti saxladığını bildirir, ABŞ isə su yolunun fəaliyyətinin təmin edilməsi üçün hərbi imkanlarından istifadə etdiyini deyir. Dəniz daşımalarına qarşı hücumlar və gəmiçilikdə yaranan fasilələr enerji bazarlarında da ciddi narahatlıq yaradıb.