6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Türkiyədə qədim güləşçinin 2 400 illik məzarı aşkar edilib

12-avqust-2026, 16:07
Türkiyədə qədim güləşçinin 2 400 illik məzarı aşkar edilib
Yazı Ölçüsü:

Türkiyənin cənubunda yerləşən qədim Aspendos şəhərinin yaxınlığında arxeoloqlar 2 400 ildən çox əvvəl yaşamış və ehtimal ki, peşəkar güləşçi olmuş bir şəxsin məzarını aşkar ediblər.

"PostMedia" xəbər verir ki, bu barədə Live Science yazıb.

Məzar şəhərdən kənarda yerləşən qəbiristanlıqlardan birində aşkarlanıb. Qalıqlar daş lövhələrdən hazırlanmış sarkofaqda tapılıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, dəfn eramızdan əvvəl 475-300-cü illər arasına aiddir.

Dəfn olunan şəxsin idmanla mümkün əlaqəsinə məzarda tapılan güləşçilərin təsvir olunduğu gümüş sikkələr və digər artefaktlar işarə edir. Bununla belə, arxeoloqlar hələlik məzarda dəfn olunan şəxsin həqiqətən güləşlə məşğul olduğunu təsdiqləyə bilmirlər.

Qazıntılarda iştirak etməyən Ayova Universitetinin tarixçisi Sara Bond bildirib ki, belə bir nəticəyə gəlmək üçün yalnız sikkələr kifayət deyil. Onun sözlərinə görə, iki güləşçinin təsvir olunduğu sikkələr Aspendosda geniş yayılmışdı və əhali tərəfindən istifadə olunurdu. Şəxsin idmanla məşğul olduğunu təsdiqləmək üçün qalıqlar üzərində əlavə araşdırmalar aparılmalıdır. Məsələn, güləşlə məşğul olmağa xas zədələr, o cümlədən burun sınığı və onun sonradan sağalması buna dair sübut ola bilər.

Aspendos müasir Türkiyənin cənub-qərbində yerləşən böyük qədim yunan-Roma şəhərlərindən biri olub. Şəhərin tarixində güləş xüsusi yer tutub. Aspendosda iki güləşçinin təsvir olunduğu gümüş sikkələr zərb edilirdi. Daha sonra, eramızın II əsrində burada təxminən 8 min tamaşaçı tutumu olan stadion tikilib. Stadionda qaçış, nizəatma və güləş yarışları keçirilirdi.

Aşkar edilmiş qəbiristanlıqda qazıntılar davam edir.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31