Rusiya ABŞ-nin keçmiş dəniz piyadası və ingilis dili müəllimi Robert Gilmanı azad edib. O, Rusiya Prezidenti Vladimir Putinin humanitar səbəblərdən əfv qərarından sonra sərbəst buraxılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, 32 yaşlı Gilman artıq Rusiyanı tərk edib və ABŞ Dövlət Departamentinin təyyarəsi ilə Vaşinqton yaxınlığındakı Dalles hava limanına aparılacaq. Uçuş zamanı onun vəziyyətini qiymətləndirmək üçün dörd həkim də onu müşayiət edir. Anası Nina da onunla birlikdədir.
ABŞ-a çatdıqdan sonra Gilmanın müalicəsinin davam etdirilməsi üçün Texas ştatının San-Antonio şəhərindəki reabilitasiya mərkəzinə göndərilməsi planlaşdırılır. Amerikalı rəsmilərdən biri Reuters-ə bildirib ki, keçdiyi sınaqlara baxmayaraq, Gilman hazırda nisbətən yaxşı görünür, yeriyə və danışa bilir.
Onun azad edilməsindən əvvəl Gilmanın ailəsi Rusiya hakimiyyətinə müraciət etmişdi. Yaxınları həbsdə olduğu müddətdə bir neçə ay davam etdiyi iddia edilən ağır rəftarın ardından onun “ölümcül vəziyyətdə” olduğunu bildirərək xəbərdarlıq etmişdilər. Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio da ötən ay Filippində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Gilmanın azad edilməsi məsələsini qaldırmışdı.
Gilman 2022-ci ilin yanvarında Voronejdə polis əməkdaşına hücum etməkdə ittiham olunduğu insidentdən sonra həbs edilib. Həmin ilin oktyabrında məhkəmə onu iki il müddətinə azadlıqdan məhrum edib. 2025-ci ilin dekabrında isə islah müəssisəsinin əməkdaşlarına hücum etmək ittihamı ilə daha səkkiz il həbs cəzasına məhkum olunub.
İyunun sonunda Gilmanın səhhəti kəskin şəkildə pisləşib. Reuters-in məlumatına görə, o, həkimlərin “dissosiativ stupor” kimi qiymətləndirdiyi vəziyyətə düşüb. Bundan sonra o, həbsxana xəstəxanasından Voronejdəki mülki xəstəxananın psixiatriya şöbəsinə köçürülüb.
Rusiya KİV-i vəkil İrina Brajnikovaya istinadən Gilmanın iyulun əvvəlindən psixiatriya şöbəsində olduğunu bildirirdi. Eyni zamanda, mövcud məlumatlara görə, məhkəmənin ona oğlunu ziyarət etmək hüququ verməsinə baxmayaraq, anasına Gilmanın yanına getməyə icazə verilməyib.
Moskva Gilmanın azad edilməsi ilə bağlı məlumatı hələlik rəsmi şəkildə şərh etməyib. Çərşənbə axşamına olan məlumata görə, Kremlin saytında da Gilmanın əfv edilməsi barədə sənəd dərc edilməmişdi.
Azad edilməzdən əvvəl Gilman Rusiyada həbsdə olan və Donald Tramp administrasiyasının azad edilməsinə çalışdığı ən azı səkkiz ABŞ vətəndaşından biri idi.