Everestin zirvəsini təşkil edən süxurlarda qədim dəniz canlılarının fosil qalıqları aşkar edilib. Beynəlxalq Geologiya Elmləri İttifaqının məlumatına görə, hələ 2005-ci ildə aparılmış tədqiqatlar göstərib ki, bu fakt planetin ən yüksək nöqtəsinin vaxtilə okeanın dibində yerləşdiyini sübut edir.
"PostMedia" xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Geoloqlar hesab edirlər ki, zirvədəki əhəngdaşı qədim dənizin dibində formalaşıb, daha sonra təxminən 55 milyon il əvvəl iki nəhəng tektonik plitənin toqquşması nəticəsində yuxarı qalxaraq nəhəng dağın formalaşmasına səbəb olub.
Lakin son günlərdə viral yayılan bir paylaşım bu qədim kəşfə yenidən diqqət çəkib və bir çox insanı bunun “Yaradılış” kitabında təsvir olunan Böyük Daşqının həqiqətən baş verdiyinə sübut olduğunu iddia etməyə sövq edib.
“Everestdə dəniz mənşəli süxurlar var və bu, Yer kürəsinin ən yüksək nöqtəsinin vaxtilə okeanın dibində olduğunu sübut edir. Məgər Müqəddəs Kitabda da buna bənzər bir şeydən bəhs olunmur?” — sağyönümlü Newsmax telekanalının aparıcısı Devid C. Harris X sosial şəbəkəsində yazıb. Onun paylaşımı 500 mindən çox baxış toplayıb.
Paylaşım yüzlərlə şərhdən ibarət müzakirə dalğasına səbəb olub. İnternet istifadəçiləri bu elmi faktla Müqəddəs Kitab arasındakı əlaqəni, eləcə də Bibliyada təsvir olunan daşqının həqiqətən baş verib-vermədiyini qızğın şəkildə müzakirə edirlər.
Harris “Yaradılış” kitabındakı bir ayəyə istinad edir. Həmin ayədə deyilir ki, “sular yer üzündə son dərəcə artdı və bütün göylərin altında olan bütün uca dağlar örtüldü”.
Bibliya ənənəsinə görə, Tanrı insanlığın pozğunluğunu məhv etmək üçün Yer üzünə Böyük Daşqın göndərib və 40 gün 40 gecə yağış yağıb. Yalnız Nuh, onun ailəsi və yuxarıdan verilən göstərişə əsasən tikilmiş gəmidə hər heyvan növündən bir cüt xilas olub.
Yeri gəlmişkən, Bibliya ənənələri ətrafında müzakirələr digər xəbərlərlə də qızışır. Belə ki, ötən ilin mayında amerikalı tədqiqatçılar radar texnologiyalarından istifadə etməklə Nuhun gəmisinin mümkün qalıqlarını Türkiyənin şərqindəki dağlarda, Bibliyaya görə gəminin son dayanacağı olmuş Ağrı dağından təxminən 18 mil (29 km) cənubda aşkar etdiklərini açıqlamışdılar.