6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Antarktidada unikal xilasetmə əməliyyat həyata keçirilib

10-avqust-2026, 17:12
Antarktidada unikal xilasetmə əməliyyat həyata keçirilib
Yazı Ölçüsü:

ABŞ Antarktika Proqramının əməkdaşının səhhətində ciddi problemlər yaranıb. Hadisə Amerikanın “Mak-Merdo” tədqiqat stansiyasında baş verib. Yerli tibbi xidmətin imkanları kifayət etməyib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Milli Elm Fondu həyəcan siqnalı verərək beynəlxalq yardım istəyib.

Xilasetmə əməliyyatı planetin ən sərt və əlverişsiz məkanlarından birində həyata keçirilməli idi. Xəstə Antarktida qışının şərtləri altında təxliyə edilməli idi. Bu dövr apreldən sentyabr ayına qədər davam edir və qaranlıq, qar fırtınaları və son dərəcə aşağı temperaturla müşayiət olunur.

Müraciət Avstraliyanın ixtisaslaşmış “Skytraders” şirkətinə göndərilib. “Bild”in məlumatına görə, hətta Antarktidaya uçuşlar həyata keçirən təcrübəli pilotlar üçün belə bu vəziyyət müstəsna hal olub. İlk cəhd qar fırtınası səbəbindən ləğv edilməli olub. Nəhayət, cəmi bir neçə saat sonra – iyulun 31-də “Snowbird 1” çağırış siqnalı ilə "Airbus A319" təyyarəsi Cənub qütbünə doğru uçub.

“Biz naviqasiya alatoranlığı adlandırılan şəraitdə uçurduq. Bu, demək olar ki, tam qaranlıqdır. Şərait təyyarə üçün icazə verilən həddə idi. Mənim indiyədək qarşılaşdığım ən aşağı temperatur mənfi 43 dərəcə olub”, – deyə ikinci pilot Luiza Robertson daha sonra bildirib.

Heyət “Mak-Merdo”dan çox da uzaqda yerləşməyən “Feniks” hava limanına yollanıb. Burada sıxlaşdırılmış qardan hazırlanmış, təxminən üç kilometr uzunluğunda uçuş-enmə zolağı var. Airbus eniş edə bilməzdən əvvəl yerüstü xidmətlər uçuş-enmə zolağını hazırlamaq üçün bir neçə saat sərf etməli olublar.

Yerdə hər şey plana uyğun gedib. Vəziyyəti ağır olan amerikalı təyyarəyə yerləşdirilib. Yanacaq doldurulduqdan dərhal sonra Airbus havaya qalxaraq Yeni Zelandiyanın Kraystçörç şəhərinə yollanıb. Orada xəstəxanaya çatdırılan pasiyent müalicəyə alınıb.

Hakimiyyət orqanları bu şəxsin xəstəliyi, yaşı və şəxsiyyəti barədə məlumatları açıqlamır. Məlum olan yalnız onun hazırda sağalma mərhələsində olmasıdır.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31