6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Fransa müştərinin razılığı olmadan reklam zənglərini qadağan edir

06-avqust-2026, 00:32
Fransa müştərinin razılığı olmadan reklam zənglərini qadağan edir
Yazı Ölçüsü:

Fransada avqustun 11-dən qüvvəyə minəcək yeni qanuna əsasən, şirkətlər vətəndaşlara əvvəlcədən razılıqları olmadan reklam xarakterli zənglər edə bilməyəcəklər.

"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bundan əvvəl ölkə sakinləri yalnız telefon nömrələrini marketinq zənglərindən imtina üzrə dövlət reyestrində qeydiyyatdan keçirə bilirdilər. Lakin istehlakçı hüquqlarını müdafiə təşkilatlarının məlumatına görə, bəzi zəng mərkəzləri həmin siyahıya məhəl qoymurdu.

Fransanın Rəqabət, İstehlakçı Hüquqlarının Müdafiəsi və Fırıldaqçılıqla Mübarizə Baş İdarəsinin nümayəndəsi Alisa Vilkonun sözlərinə görə, yeni qanuna əsasən şirkətlər istehlakçılarla yalnız onların əvvəlcədən verdiyi razılıq əsasında əlaqə saxlaya biləcəklər. O qeyd edib ki, vətəndaşlar istənilən vaxt bu razılığı geri götürmək hüququna malik olacaqlar.

Yeni qanun vətəndaşların çoxsaylı şikayətlərindən sonra qəbul edilib. Rəsmi qiymətləndirməyə görə, Fransa sakinlərinin təxminən 75 %-i həftədə azı bir arzuolunmaz reklam zəngi alır, bir çoxları isə bu cür zənglərlə daha tez-tez qarşılaşır.

Qanunun tələblərini pozan fiziki şəxslər hər qanunsuz zəngə görə 75 min avroya qədər, şirkətlər isə 375 min avroya qədər cərimələnə bilərlər.

Qaydalar yalnız istehlakçının əvvəlcədən reklam təklifləri almağa razılıq verdiyi hallara şamil edilmir. Məsələn, xidmət rəsmiləşdirilərkən müvafiq bəndi təsdiqləyən şəxslərə reklam təklifləri göndərilə bilər. Bundan əlavə, şirkətlər mövcud müştərilərinə yeni təkliflərlə müraciət etmək hüququnu saxlayacaqlar.

Fransa hökuməti həmçinin dövlət portalı vasitəsilə arzuolunmaz reklam zəngləri ilə bağlı şikayətlərin qəbul edilməsi mexanizmini istifadəyə verib.

Yeni qanun Mərakeşdə də narahatlıq yaradıb. Çünki ölkədə fəaliyyət göstərən zəng mərkəzləri əsasən Fransa bazarından asılıdır. Mərakeşin məşğulluq naziri Yunis Səkkori bildirib ki, bu qərar nəticəsində 40–50 min iş yeri risk altına düşə bilər. Onun sözlərinə görə, Fransa zəng mərkəzləri sektorunun gəlirlərinin 80 faizdən çoxunu təmin edir.

Qeyd edək ki, Almaniyada oxşar qaydalar 2009-cu ildən qüvvədədir. ABŞ, Kanada və Böyük Britaniyada isə reklam zənglərindən könüllü imtina sistemi tətbiq olunur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31