Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq sahəsində qüvvədə olan sazişlərə dəyişikliklərin edilməsi ilə bağlı danışıqlara başlanmasını tapşırıb.
"PostMedia" "Kommersant"a istinadən xəbər verir ki, müvafiq sərəncamlar Rusiyanın hüquqi aktlar portalında dərc olunub.
Rusiya ilə Qazaxıstan arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş 2013-cü ilin dekabrında imzalanıb və 2015-ci ildə ratifikasiya olunub. Özbəkistanla analoji saziş isə 2016-cı ilin noyabrında imzalanıb. Sazişlər silah və hərbi texnikanın tədarükünü, hərbi təyinatlı məhsulların mübadiləsini, texnologiyaların və texniki sənədlərin ötürülməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində Qazaxıstan son illərdə Rusiyadan 2022-ci ilə qədər sayı 20-yə çatan "Su-30SM" qırıcıları, "Mi-171SH" və "Mi-35M" helikopterləri, "Buk-M2E" zenit-raket kompleksləri, həmçinin "BTR-80" və "BTR-82A" zirehli transportyorları alıb. Bundan əlavə, 2015-ci ildə Moskva vahid regional hava hücumundan müdafiə sisteminin yaradılması çərçivəsində Astanaya "S-300PS" zenit-raket sisteminin beş divizionunu ödənişsiz verib.
2017–2019-cu illərdə Qazaxıstan dövlət ixrac krediti hesabına 12 ədəd "Mi-35M" döyüş helikopteri əldə edib. Bundan başqa, ölkədə təxminən 30 "MiQ-29" qırıcısı modernləşdirilib. Moskva və Daşkənd həmçinin "Su-30SM" qırıcılarının, "Sopka-2" radiolokasiya kompleksinin və "Pechora-2M" zenit-raket kompleksləri üçün avadanlıqların mümkün tədarükünü də müzakirə ediblər.
Qazaxıstan, Özbəkistandan fərqli olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu, iki ölkə arasında hərbi-texniki əməkdaşlığı kollektiv müdafiə mexanizmləri ilə əlaqələndirir. Özbəkistanla isə iki ölkənin hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunlarının birgə tətbiqinə dair ayrıca saziş qüvvədədir.