Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Soçidə saxta ad altında yaşadığı, ailəsinin isə Rusiyada olduğu illərdə yüzlərlə hektar torpaq sahəsi və onlarla daşınmaz əmlak əldə etdiyi iddia olunur.
"PostMedia" xəbər verir ki, bu barədə "Televideniye Toronto" layihəsinin araşdırmasında bildirilir.
Araşdırmaçıların məlumatına görə, Yanukoviç Soçidəki malikanələrdən birində həyat yoldaşı olmasa da, uzun illər birlikdə yaşadığı Lyubov Polejaya ilə məskunlaşıb. İddia edilir ki, o, Oleq Nikolayeviç Leonov adına sənədlərdən istifadə edir. Məhz bu adla Polejayanı Abxaziyaya səfərləri zamanı müşayiət edib. Rusiya məlumat bazalarında Leonovun doğum tarixi Yanukoviçin doğum tarixi ilə tam üst-üstə düşür. Həmçinin "Leonova" Yanukoviçin anasının qızlıq soyadıdır. Jurnalistlər bu məlumatlara uyğun gələn başqa bir şəxs tapa bilmədiklərini bildirirlər.
Araşdırmaya əsasən, Rusiyada yaşadığı müddətdə Yanukoviçin qohumları yüzlərlə hektar torpaq sahəsi, onlarla daşınmaz əmlak əldə edib, həmçinin bank hesablarında milyonlarla dollar toplayıblar.
Bildirilir ki, sabiq prezidentin oğlu Aleksandr həyat yoldaşı və iki övladı ilə birlikdə Sokolov soyadı altında yaşayır. Lyubov Polejaya isə qızlıq soyadı olan Sadikova soyadını götürüb.
Polejayanın sosial şəbəkələrdə paylaşdığı fotoların Soçinin Yesaulenko küçəsində yerləşən "Blaqodat" malikanəsinin görüntüləri ilə üst-üstə düşdüyü qeyd edilir. Təxminən üç hektar ərazini əhatə edən kompleksdə bir neçə ev, istixanalar, bağ, ibadətgah və hovuz yerləşir. Yaxınlıqda Sadikovanın adına geniş torpaq sahəsi və istifadəsiz pansionatın da qeydiyyatda olduğu bildirilir.
Araşdırmaya görə, Yanukoviç və ailəsinin təhlükəsizliyini Ukraynanın Dövlət Mühafizə İdarəsinin keçmiş əməkdaşları təmin edir. Onlar Ukraynadan qaçdıqdan sonra Rusiyanın Federal Mühafizə Xidmətində (FSO) işləməyə başlayıblar və Ukraynada axtarışdadırlar.
Məlumata görə, Sadikova 2015–2025-ci illərdə rəsmi olaraq aqrokompleksdə menecer kimi aylıq təxminən 50 min rubl maaş alıb. Araşdırma müəllifləri bu vəzifənin formal xarakter daşıdığını iddia edirlər. Həmin dövrdə o, 337 hektar kənd təsərrüfatı təyinatlı torpaq alıb və sonradan həmin sahələri elə həmin aqrokompleksə icarəyə verərək dörd il ərzində 50 milyon rubldan çox gəlir əldə edib. Daşınmaz əmlak satışından isə əlavə 14 milyon rubl qazandığı bildirilir.
Araşdırmada qeyd olunur ki, Rusiyada yaşadığı müddətdə Sadikova ümumilikdə 370 hektardan çox torpaq sahəsinin və 2,4 min kvadratmetrdən artıq daşınmaz əmlakın (beş mənzil, beş ev və daha dörd obyekt) sahibi olub.
Yanukoviçin gəlini isə 27 min kvadratmetrdən çox daşınmaz əmlak əldə edib. Onların arasında Moskva yaxınlığındakı elit "Benilyuks" yaşayış kompleksində yerləşən əmlak da var. Məlumata görə, 2024-cü ildə onun bank depozitlərində təxminən 3,5 milyon dollar, oğlu Viktorun hesablarında isə təxminən 5 milyon dollar olub.