İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ukraynalı həmkarı Andriy Sıbiqadan İran gəmisinə zərbənin qəsdən endirilmədiyi və Kiyevin vəziyyəti daha da gərginləşdirmək niyyətində olmadığı barədə təminat alıb.
"PostMedia" xəbər verir ki, Əraqçi "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib.
Onun sözlərinə görə, Ukrayna hadisəni təsadüf kimi izah edib. Bununla yanaşı, Tehran dəymiş ziyanın ödənilməsini gözlədiyini vurğulayıb.
"Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa mənə İran gəmisinə hücumun qəsdən olmadığını və Ukraynanın eskalasiyaya can atmadığını bildirdi", – deyə Əraqçi yazıb.
O əlavə edib ki, İran da gərginliyin artmasında maraqlı deyil, lakin belə hadisələri qəbuledilməz hesab edir.
"İran da gərginliyin artmasını istəmir, lakin açıq şəkildə bildirib ki, vətəndaşlarımıza və ya maraqlarımıza qarşı istənilən hücum qəbuledilməzdir. Dəymiş zərərə görə kompensasiya ödənilməlidir", – deyə nazir bəyan edib.
Bundan əvvəl İran gəmisinə hücum edildiyi barədə məlumat yayılmışdı. Hadisədən sonra Tehran Kiyevdən izahat tələb etmişdi. İnsidentin təfərrüatları və gəminin aldığı ziyanın xarakteri barədə rəsmi məlumat açıqlanmayıb.