19 yaşlı müddətli həqiqi hərbi xidmət qulluqçusu A.H. amansızcasına döyülüb. Onun vəziyyəti ağır olduğundan Kanaz hərbi hospitalına yerləşdirilib.
"PostMedia" xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Janna Aleksanyan məlumat yayıb.
"Bir qədər əvvəl mənə məlumat daxil oldu ki, 19 yaşlı müddətli hərbi qulluqçu A.H. amansızcasına döyülüb. Vəziyyəti o qədər ağır olub ki, onu Kanaz hospitalına aparmalı olublar. Anası oğlunu tanınmaz vəziyyətdə görüb – üzü deformasiyaya uğrayıb, halüsinasiyalar keçirirmiş.
Əsgər altı ay əvvəl psixi sağlamlıq problemləri ilə hərbi xidmətə çağırılmışdı. Hadisə təxminən bir həftə əvvəl – iyulun 22-də Cermuk hərbi hissəsində baş verib. Lakin indiyədək faktla bağlı cinayət işi açılmayıb və görünür, bunu etmək də planlaşdırılmır.
Anasının sözlərinə görə, döyülmədə iştirak edən şəxs zabit heyətinin nümayəndəsidir. Ombudsman Anahit Manasyanı bu fövqəladə hadisəyə reaksiya verməyə çağırıram. Hələlik əlavə təfərrüat paylaşmıram", – deyə Aleksanyan bildirib.