6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"The Telegraph": İranla müharibə ABŞ-yə 150 milyard dollardan çox başa gələ bilər

29-iyul-2026, 00:49
"The Telegraph": İranla müharibə ABŞ-yə 150 milyard dollardan çox başa gələ bilər
Yazı Ölçüsü:
Fevralın 28-də başlayan ABŞ-nin İrana qarşı hərbi əməliyyatları Amerika iqtisadiyyatına artıq 151 milyard dollardan çox zərər vurmuş ola bilər. Halbuki, Pentaqon rəsmi olaraq yalnız 37,5 milyard dollarlıq xərcin yarandığını etiraf edir.
"PostMedia" xəbər verir ki, "The Telegraph" qəzeti münaqişənin birbaşa və dolayı nəticələrini təhlil edərək bu qənaətə gəlib.
Nəşrin məlumatına görə, hərbi əməliyyatlar indiki templə davam edərsə, ilin sonuna qədər ABŞ iqtisadiyyatının ümumi itkiləri 311 milyard dollara çata bilər.
ABŞ-nin müdafiə naziri Pit Heqset daha əvvəl bildirmişdi ki, müharibə artıq dövlət büdcəsinə ən azı 37,5 milyard dollara başa gəlib. Lakin ekspertlər hesab edirlər ki, açıqlanan məbləğ faktiki xərclərin yalnız bir hissəsini əhatə edir.
Harvard Universitetinin professoru, müharibələrin iqtisadiyyatı üzrə mütəxəssis Linda Bilms qeyd edib ki, rəsmi qiymətləndirməyə dövlət borcunun xidmət xərcləri, yanacaq qiymətlərinin artması, hərbi texnikanın bərpası və ölkə iqtisadiyyatı üçün uzunmüddətli nəticələr daxil edilməyib. Onun fikrincə, zaman keçdikcə münaqişənin ümumi dəyəri 1 trilyon dollara yaxınlaşa bilər.
"The Telegraph" bildirir ki, müharibə artıq enerji daşıyıcılarının qiymətlərinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub. ABŞ-də benzinin qiyməti münaqişə olmasaydı gözlənilən səviyyədən təxminən 21,7%, dizel yanacağının qiyməti isə 36,7% yüksək olub.
Nəşr insan itkilərinə də diqqət çəkir. Onun hesablamalarına görə, münaqişə zamanı 18 amerikalı hərbçi həlak olub. Halbuki, Pentaqon yalnız 14 nəfərin ölümünü rəsmi olaraq təsdiqləyib və aprel ayında elan edilən atəşkəsdən sonra həlak olmuş dörd hərbçini bu statistikaya daxil etməyib.
Analitiklər xəbərdarlıq edirlər ki, uzanan müharibə təkcə ABŞ iqtisadiyyatına deyil, Vaşinqtonun strateji imkanlarına da təsir göstərir. Onların fikrincə, maliyyə və hərbi resursların Yaxın Şərqə yönəldilməsi ABŞ-nin dünyanın digər regionlarında Çin və Rusiyanı cilovlama imkanlarını məhdudlaşdırır.
Ekspertlər xatırladırlar ki, hərbi kampaniyaların real dəyəri adətən yalnız illər sonra tam məlum olur. Nümunə kimi ABŞ-yə yekun hesablamalara əsasən təxminən 2,26 trilyon dollara başa gəlmiş Əfqanıstan müharibəsi göstərilir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031