N/A°C Bakı
1$ = 1.70₼
Oğurluq

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi 700 min manat dəyərində termal cihazlarını mənimsəyib

08-yanvar-2026
Turan Hüseynli
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi 700 min manat dəyərində termal cihazlarını mənimsəyib
Yazı Ölçüsü:
Ermənistan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsi 2024-cü ildə təxminən 160 milyon erməni dramı (təxminən 713 min manat) dəyərində istilikgörmə (termal) cihazlarını mənimsəyib.
"PostMedia" xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat verib və işin Antikorrupsiya Məhkəməsinə göndərildiyini bildirib. AKK-nın məlumatına görə, şəxs MN-in iki hərbi hissəsində müvafiq xidmət rəisi vəzifəsini tutub.
“İlkin istintaqla müəyyən edilib ki, qeyd olunan MN vəzifəli şəxsi faktiki olaraq özünə həvalə edilmiş və hərbi hissələrin anbarlarında saxlanılan xüsusilə iri məbləğdə — təxminən 160 milyon dram (təxminən 713 min manat) dəyərində, müxtəlif modellərə aid 37 ədəd istilikgörmə nişangahını mənimsəyib. O, bu cihazların hər birini real dəyərindən təxminən on dəfə aşağı qiymətə — 50–450 min dram aralığında Yerevan sakininə satıb. Bundan əlavə, həmin vəzifəli şəxsin istilikgörmə cihazlarının təhvil verildiyi barədə yalan məlumatlar ehtiva edən rəsmi sənədlər tərtib etdiyi də aşkar edilib”, — deyə qurumdan bildirilib.
Antikorrupsiya Komitəsi qeyd edib ki, xüsusilə iri məbləğdə etibar edilmiş əmlakın mənimsənilməsi və vəzifə saxtakarlığı faktları üzrə MN-in vəzifəli şəxsə ER Cinayət Məcəlləsinin 256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (etibar edilmiş əmlakın mənimsənilməsi — 2 epizod) və 445-ci maddəsinin 1-ci hissəsi (vəzifə saxtakarlığı) ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
AKK-dan həmçinin bildirilib ki, istilikgörmə cihazlarını alan şəxsə də ER Cinayət Məcəlləsinin 295-ci maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (cinayət yolu ilə əldə edilmiş əmlakı alma, satma və ya satışına kömək etmə) ilə ittiham irəli sürülüb.
Nəzərə alınaraq ki, sözügedən istilikgörmə cihazları Müdafiə Nazirliyindən mənimsənilib, onların aşkar edilərək nazirliyə qaytarılması məqsədilə Antikorrupsiya Komitəsi vətəndaşları şübhəli şəraitdə istilikgörmə nişangahları əldə etdikləri və ya bu barədə hər hansı məlumatları olduğu təqdirdə AKK-ya müraciət etməyə çağırıb.
Kateqoriyalar