Yaxın vaxtlarda Putin və Tramp arasında yeni telefon danışığı olacaq - Peskov
29-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında yeni telefon danışığı çox yaxın gələcəkdə baş tutacaq.
"PostMedia" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Jurnalistlərin ABŞ prezidentinin Vladimir Zelenski ilə görüşünün yekunlarına dair Putin və Tramp arasında telefon danışığının nə vaxt baş tutacağı ilə bağlı sualına Peskov belə cavab verib: "Çox yaxın vaxtlarda. Biz sizə məlumat verəcəyik".
Peskov həmçinin bildirib ki, hazırda Rusiya Prezidenti Vladimir Putinlə Vladimir Zelenski arasında telefon danışığından söhbət getmir. Jurnalistlərin Putin və Zelenski arasında belə bir danışığın mümkünlüyü barədə sualına mətbuat katibi "Hazırda belə bir danışıqdan söhbət getmir" deyə cavab verib.
Xatırladaq ki, Tramp dekabrın 28-də Floridada, Mar-a-Laqoda Zelenski ilə görüşüb. İkitərəfli danışıqlardan sonra onlar Avropa liderləri ilə telefon danışığı aparıblar. Zelenski ilə görüşdən əvvəl isə Trampın bildirdiyinə görə, o, Rusiya Prezidenti Vladimir Putinlə yaxşı və çox məhsuldar bir telefon danışığı keçirib.