Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində ölkə ərazisindən 27 xarici ölkə vətəndaşını deportasiya ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə bu ölkənin DİN məlumat yayıb.
Deportasiya olunanlar Türkiyə, Hindistan, Azərbaycan, Çin, Tailand, Türkmənistan, Almaniya, Pakistan, Misir, İsrail və Livan vətəndaşlarıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, bu şəxslərə Gürcüstana yenidən giriş qadağası tətbiq olunub.
Nazirlik bildirir ki, Miqrasiya Departamentinin əsas səlahiyyətlərindən biri ölkə ərazisində hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların aşkarlanması və intensiv miqrasiya nəzarəti, eləcə də xüsusi tədbirlər vasitəsilə onların Gürcüstandan çıxarılmasıdır.
Qeyd edək ki, 1 oktyabr tarixindən etibarən “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununa dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər qeyri-leqal miqrasiya ilə mübarizə mexanizmlərinin gücləndirilməsinə və ölkə ərazisində miqrasiya nəzarətinin sərtləşdirilməsinə yönəlib.
Dəyişikliklər Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə də şamil olunub. Qanuni qalma müddətinin pozulmasına görə məsuliyyət sərtləşdirilib və inzibati cərimələrin məbləği artırılıb.
Rəsmi qurumlar bildirir ki, bu tədbirlər ölkədə miqrasiya qaydalarına əməl olunmasını təmin etmək və qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyır.