Enerji bazarında əsas sual hazırda budur: Fars körfəzindən faktiki olaraq nə qədər neft çıxarmaq mümkün olur?
"PostMedia"nın məlumatına göə, "Fortune" yazır ki, bu sualın cavabı İranla davam edən hərbi münaqişənin nə qədər sürəcəyini müəyyən edə bilər.
Tehran Hörmüz boğazının tamamilə bağlandığını və İran qüvvələrinin nəzarəti altında olduğunu bildirir. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından əvvəl bu dar su yolundan gündə 20 milyon barelə qədər neft keçirdi.
ABŞ administrasiyası isə bu iddiaları təkzib edir. Energetika naziri Kris Rayt "X" platformasında bildirib ki, Amerika hərbçiləri boğazdan 15 milyon bareldən çox neft və neft məhsulunun çıxarılmasına kömək edib. Onun sözlərinə görə, son yeddi gün üzrə orta göstərici təxminən 8 milyon barel təşkil edib. Boru kəmərləri vasitəsilə həyata keçirilən ixrac da nəzərə alındıqda, regiondan ümumi tədarükün həcmi gündəlik təxminən 20 milyon barelə çatır.
Amerikalı rəsmilərin "Axios"a verdiyi məlumata görə, Oman sahilləri boyunca yaradılan xüsusi dəhliz vasitəsilə gündə təxminən 10 milyon barel neft daşınır.
Tankerlərin "kölgə" daşımaları
Ötən ay ABŞ-nin iki həftə davam edən bombardmanları İranın radar və dəniz müşahidə imkanlarını zəiflədib. Bunun nəticəsində gəmilər gecə saatlarında, yerini müəyyənləşdirən sistemləri söndürərək gizli marşrutlarla hərəkət edir və neftin istehlakçılara çatdırılması üçün yükləri digər tankerlərə ötürür.
"Vortexa" enerji şirkətinin baş iqtisadçısı Devid Veh CNBC-yə bildirib ki, son bir ayda ixracın orta gündəlik həcmi 6-7 milyon barel olub, ən yüksək göstərici isə 14 milyon barelə çatıb.
Beləliklə, Hörmüz boğazı tam bağlanmayıb və neftin böyük hissəsi dünya bazarına çatmaqda davam edir.
Bu, müharibəni niyə uzadır?
Qlobal bazarda xammal çatışmazlığı yaşansa və ölkələr əhəmiyyətli dərəcədə azalmış strateji ehtiyatlarından istifadə etməyə məcbur qalsalar da, Fars körfəzindən neft ixracının davam etməsi qiymət böhranının qarşısını alır. Lakin məhz bu amil münaqişənin uzanmasına da səbəb olur. Çünki tərəflərdən heç biri güzəştə getməyə tələsmir.
"Boğazdan neft axınının davam etməsi uzunmüddətli müharibə ehtimalını, hətta 2027-ci ilin sonunadək uzanma riskini artırır. Nə qədər ki, neft axır və İran rejimi saxlamaq üçün kifayət qədər gəlir əldə edir, tərəflər tələsmirlər", – "Alpine Macro" şirkətinin baş geosiyasi strateqi Den Alamariu bildirib.
Diplomatik sahədə isə irəliləyiş yoxdur. İran ABŞ üçün qəbuledilməz tələblər irəli sürür, ABŞ Prezidenti Donald Tramp isə Tehranın boğaza nəzarət imkanlarını məhdudlaşdırmağa çalışır. Eyni zamanda, sursat ehtiyatlarının azalması səbəbindən genişmiqyaslı quru müharibəsindən yayınan Tramp əsasən iqtisadi təzyiqə üstünlük verir.
Yeni eskalasiya təhlükəsi
Analitiklər mövcud vəziyyəti qismən blokada və dövri toqquşmalar şəraitində davam edən qarşıdurma kimi qiymətləndirirlər. Bununla belə, İran iqtisadiyyatı zərər görməkdə davam edir və bu, rejimin sabitliyi üçün risk yaradır.
Boğazın tam bağlana bilməməsi Tehranın təzyiq imkanlarını zəiflədir və İranı cavab olaraq eskalasiyaya əl atmağa sövq edə bilər. Neftin qiyməti kritik həddə çatarsa və ABŞ-də yanacağın bahalaşması Konqresə aralıq seçkilər ərəfəsində narazılığı artırarsa, vəziyyət daha da kəskinləşə bilər.