ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici kibercinayətkarlara qarşı kiberhücumlar həyata keçirmək üçün özəl şirkətləri prosesə cəlb edir. Ekspertlər bunu siyasətdə ciddi dəyişiklik kimi qiymətləndirir və bunun şirkətlərin özləri üçün hüquqi risklər yarada biləcəyini bildirirlər.
“PostMedia” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Yeni yanaşmaya əsasən, xüsusi yoxlamadan keçmiş şirkətlər tarixən ABŞ-nin hüquq-mühafizə, kəşfiyyat və hərbi qurumlarının səlahiyyətində olan kiberhücum əməliyyatlarında əsas rol oynaya biləcəklər.
Trampın imzaladığı memorandumda bildirilir ki, şirkətlər yeni federal proqram çərçivəsində xarici cinayətkarları izləmək və onların şəbəkələrini sıradan çıxarmaq üçün kiberalətlərdən istifadə edə bilərlər.
Proqramın məqsədi hər il amerikalılara milyardlarla dollar zərər vuran xarici cinayətkar qruplaşmalara qarşı mübarizə aparmaqdır. Proqramın əhatə dairəsinə hökumətlər deyil, xarici cinayətkar qruplaşmalar daxildir.
Memorandumda qeyd olunur ki, “Amerika biznesinin innovativ potensialından kiberməkanda fəaliyyət göstərən cinayətkar şəbəkələrin aşkarlanması və zərərsizləşdirilməsi səylərində tarixən kifayət qədər istifadə edilməyib”.
ABŞ hökuməti artıq xaricdəki hədəflərə qarşı genişmiqyaslı kiberəməliyyatlar həyata keçirir.
ABŞ Kiber Komandanlığının keçmiş əməkdaşı Endryu Şoka əsas riskin koordinasiya və nəzarətin zəifləməsi olduğunu bildirib.
“Əsas risk ondan ibarətdir ki, nəticədə aydın koordinasiya və ya federal səviyyədə rəhbərlik olmadan fəaliyyət göstərən kiber-korsanlar çoxluğu ilə qarşılaşa bilərik”, – deyə Şoka bildirib.
Onun sözlərinə görə, kiberəməliyyatlar zamanı müxtəlif qurumların fəaliyyətlərinin əlaqələndirilməsi artıq federal qurumlar üçün ciddi problemdir. İndi isə buna daha geniş imkanlara və daha yüksək fəaliyyət sürətinə malik özəl şirkətlərlə əməkdaşlığın mürəkkəbliyi də əlavə olunur.
Kiber Komandanlığın nümayəndəsi həmçinin yeni memorandumda kiberəməliyyatlar zamanı ABŞ vətəndaşlarının vətəndaş azadlıqlarının qorunması mexanizminin dəqiq müəyyən edilmədiyini vurğulayıb.
“Burada aydın nəzarət mexanizmi və ya anonim siyasi təyinatlı şəxslərin qəbul etdiyi qərarların nəzərdən keçirilməsi prosesi yoxdur. Memorandumun tərəfdarları deyəcəklər ki, fəaliyyət onsuz da Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyinin səlahiyyətləri ilə məhdudlaşdırılır. Lakin bu fərman məsuliyyəti şirkətlərin üzərinə qoyur”, – Şoka qeyd edib.