Vətəndaş Nəbi Nəbiyev "Kapital Bank" ASC-nin bankomatlarının texniki vəziyyəti ilə bağlı narazılığını ifadə edib.
"PostMedia" xəbər verir ki, o, plastik kartdan istifadə etmədiyi üçün nağd pul çıxararkən yalnız NFC və QR kod funksiyalarından yararlandığını qeyd edib.
Şikayətçinin bildirdiyinə görə, Zabrat qəsəbəsində yerləşən "Kapital Bank" bankomatından pul çıxarmaq istəyərkən NFC funksiyası xəta verib. Alternativ olaraq QR koddan istifadə etmək istəsə də, bankomatın ekranının tozlu olması və işığının zəif işləməsi səbəbindən kodu oxutmaq mümkün olmayıb.
Nəbiyev qeyd edib ki, bu problemlə ilk dəfə qarşılaşmır. Onun sözlərinə görə, müxtəlif ünvanlarda yerləşən "Kapital Bank" bankomatlarında da ekranların tozlu və zəif işıqlandırılması səbəbindən məlumatları görmək çətinləşir.
"Mən 4 gözümlə güclə ekranı görürdümsə, yazıq camaat necə görsün? Bankomatlara qulluq etmək bu qədər çətindirmi?" – deyə vətəndaş narazılığını ifadə edib.
Məsələ ilə bağlı Kapital Bankdan verilən açıqlamada bildirilib ki, vətəndaşın müraciəti daha əvvəl qeydə alınıb və hazırda aidiyyəti struktur bölmə tərəfindən araşdırılır.