Avropa İttifaqında (Aİ) 2024-cü ildə orta illik əməkhaqqı 5,2% artaraq 39 808 avroya çatıb. Bu, 2023-cü illə müqayisədə təxminən 2 000 avro çoxdur.
”PostMedia” xəbər verir ki, bu barədə məlumatı “Euronews” Avropa Statistika Xidmətinin (Eurostat) son hesabatına istinadən yayıb.
Əməkhaqqı göstəricilərinə görə siyahıya yenidən Lüksemburq başçılıq edir — ölkədə orta illik maaş 82 969 avrodur. Lüksemburqu Danimarka (71 565 avro) və İrlandiya (61 051 avro) izləyirlər.
Reytinqin ən aşağı hissəsində Bolqarıstan (15 387 avro), Yunanıstan (17 954 avro) və Macarıstan (18 461 avro) yer alıb.
Aİ-də böyük iqtisadiyyata malik ölkələrdən Almaniya və Fransa ittifaq üzrə ortalamanı üstələyiblər — müvafiq olaraq 53 791 avro və 43 790 avro.
İspaniya və İtaliya siyahının orta hissəsindədir: bu ölkələrdə illik orta əməkhaqqı demək olar ki, eynidir — 33 700 və 33 523 avro.
Kipr reytinqdə 16-cı yerdə (27 611 avro) qərarlaşıb. Onun ardınca Portuqaliya (24 818 avro) gəlir. Polşa isə 2023-cü illə müqayisədə bir pillə irəliləyərək 22-ci yeri tutub və orta illik maaş 21 246 avro təşkil edib.