Moldovanın Böhranların İdarə Edilməsi üzrə Milli Komissiyası ölkədə quraqlıq və su qıtlığı ilə əlaqədar ikinci dərəcəli ehtiyaclar, o cümlədən istirahət məqsədləri üçün sudan istifadəyə məhdudiyyət tətbiq edib.
"PostMedia" xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, içməli suyun və yerüstü su mənbələrinin küçələrin yuyulması, hovuzların doldurulması kimi zəruri olmayan məqsədlər üçün istifadəsi məhdudlaşdırılacaq. Su ilk növbədə əhalinin əsas tələbatlarının, xəstəxanaların, məktəblərin və digər həyati əhəmiyyətli xidmətlərin təmin edilməsi üçün istifadə olunacaq.
Bundan əlavə, komissiya ərzaq istehsalı, tibb və ictimai səhiyyə üçün kritik əhəmiyyət daşımayan sənaye müəssisələrinin su istehlakını ən azı 20% azaltmaq qərarı verib.
Moldova hökuməti iyulun 28-də Dnestr çayında su səviyyəsinin aşağı düşməsi ilə bağlı risklər fonunda energetika və hidrologiya sahələrində 30 günlük yüksək hazırlıq rejimi elan edib.