Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Manisa vilayətində yerləşən qədim Sardis şəhərində təxminən 2500 il yaşı olan və hündürlüyü 2,2 metrə çatan gənc kişiyə aid mərmər heykəlin aşkar edildiyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin koordinasiyası ilə Manisa vilayətinin Salihli rayonunda yerləşən qədim Sardis şəhərində aparılan arxeoloji qazıntılar zamanı ayaqüstə duran gəncin monumental mərmər heykəli tapılıb.
"Bu, Sardisdə edilən nadir tapıntıdır və Anadolunun arxeologiyasına işıq salacaq. Manisanın qədim Sardis şəhərində aparılan qazıntılar zamanı eramızdan əvvəl V əsrin birinci yarısına aid, təxminən 2500 illik gənc kişi heykəli aşkarlamışıq. Hündürlüyü 2,2 metr olan mərmər heykəl monumental ölçüləri, yaxşı qorunmuş vəziyyəti və diqqətçəkən detalları ilə həmin dövrün heykəltəraşlıq sənətinin nadir nümunələrindən biridir", – deyə Ersoy bildirib.
Onun sözlərinə görə, Roma dövründə heykəldən sütunlu küçənin döşənməsi zamanı ikinci dərəcəli tikinti materialı kimi istifadə olunub. Heykəlin üzü aşağı vəziyyətdə yerləşdirilməsi onun əsas detallarının əsrlər boyu qorunub saxlanmasına imkan verib.