Yunanıstanın "Aegean Airlines" aviaşirkətinə məxsus reys son 35 il ərzində Bağdad Beynəlxalq Hava Limanına eniş edən ilk Avropa təyyarəsi olub.
"PostMedia" AFP-yə istinadən xəbər verir ki, bu barədə İraqın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, təyyarənin gəlişi “İraqın Avropa aviasiya xəritəsinə qayıdışını” simvolizə edir və “İraqın aviasiya sektorunun bərpasında yeni mərhələnin başlandığını” göstərir.
Nazirlikdən bildirilib ki, Afina–Bağdad marşrutu üzrə həftədə iki reys həyata keçiriləcək və tələbatdan asılı olaraq uçuşların sayının artırılması mümkündür. Daha əvvəl, bu il ərzində yunan daşıyıcısı İraq Kürdüstanı muxtar bölgəsinin paytaxtı Ərbilə də uçuşlara başlayıb.
Avropa aviaşirkətləri təhlükəsizlik səbəbilə 1990-cı illərin əvvəllərindən etibarən Bağdad Beynəlxalq Hava Limanına birbaşa reyslər həyata keçirmirdi. Bu vəziyyət İraqın uzunmüddətli lideri Səddam Hüseynin qonşu Küveyti işğal etməsindən sonra yaranmışdı. Hüseyn 2003-cü ildə ABŞ-ın müdaxiləsi nəticəsində devrilib, bundan sonra isə ölkədə vətəndaş müharibəsi, dini zəmində zorakılıqlar və silahlı ekstremist qrupların meydana çıxması baş verib.