ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr, Kəşfiyyat və Silahlı Qüvvələr komitələrinin yüksəkvəzifəli üzvləri Qreq Miks, Cim Hayms və Adam Smit İranla imzalanmış qarşılıqlı anlaşma memorandumu barədə Dövlət Departamentindən daha ətraflı məlumat gözlədiklərini bildiriblər.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Konqresmenlər ABŞ dövlət katibi Marko Rubiyoya ünvanladıqları üç səhifəlik məktubda yazıblar:
“Administrasiyanın diplomatiyaya qayıdışını və bu müharibəni dayandırmaq qərarını alqışlasaq da, administrasiya Konqresə daha ətraflı məlumat təqdim etməlidir”.
Onlar memorandumun tam mətninin, onunla bağlı bütün əlavə razılaşmaların və icra mexanizmlərinin, həmçinin İranla aparılan danışıqlar və gələcək sazişlə bağlı strategiyanın təqdim olunmasını tələb ediblər.
Qanunvericilər həmçinin İranın ballistik raket proqramına və Yaxın Şərqdə digər qüvvələrə verdiyi dəstəyə qarşı hər hansı məhdudiyyətlərin nəzərdə tutulub-tutulmadığının açıqlanmasını istəyiblər.
Bundan başqa, konqresmenlər ABŞ administrasiyasının dondurulmuş İran aktivləri və sanksiyaların yumşaldılması ilə bağlı hansı öhdəliklər götürdüyünə dair məlumat verilməsini tələb ediblər.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott isə nəşrə bildirib ki, prezident administrasiyası Konqresi mütəmadi olaraq məlumatlandırır və “birbaşa Amerika xalqına şəffaf informasiya təqdim edir”.
ABŞ Senatında bəzi demokratlar da Vaşinqton və Tehran arasında əldə olunan memorandumla bağlı skeptik mövqe sərgiləyiblər.
Senatda azlıq lideri olan Çak Şummer jurnalistlərə açıqlamasında bildirib ki, Tramp “danışıqlar aparmaq məsələsində çox zəif iş görüb”. Onun fikrincə, ABŞ-nin mövqeyi müharibədən əvvəlki dövrlə müqayisədə daha da pisləşib.
Senator Mark Varner vurğulayıb ki, bu memorandum Vaşinqtonun qələbəsi kimi təqdim oluna bilməz. Senator Richard Blumenthal isə sazişi “ABŞ-nin qeyd-şərtsiz kapitulyasiyası” adlandırıb.