ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus, qitələrarası ballistik raketlərlə təchiz olunmuş "USS Nebraska" strateji nüvə sualtı qayığında ən azı 64 hərbçi dizel generatorunun tullantılarından zəhərlənib.
"PostMedia" bu barədə "Navy Times" hərbi nəşri məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 22-də sualtı qayıq Vaşinqton ştatındakı Kitsap-Banqor Sakit Okean hərbi-dəniz bazasında olduğu zaman baş verib.
Dənizçilər işlək vəziyyətdə olan ehtiyat dizel generatorunun yaxınlığında olarkən zəhərləniblər. Onlarda öskürək, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, həmçinin göz, burun və boğaz qıcıqlanması müşahidə olunub. Altı nəfər xəstəxanaya yerləşdirilsə də, sonradan hamısı evə buraxılıb.
ABŞ Hərbi Dəniz Qüvvələri insidentin səbəblərinin araşdırıldığını bildirib. Qeyd olunub ki, dizel generatorunda baş verən problem sualtı qayığın nüvə reaktoruna təsir göstərməyib və onun fəaliyyəti pozulmayıb.
Hadisədən sonra ekipaj qayığın bölmələrini havalandırıb və planlı texniki xidmət işlərini davam etdirib.
USS Nebraska ABŞ-ın Ohio sinfinə aid 14 strateji nüvə sualtı qayığından biridir. Gəmi 20 ədəd Trident II D5 ballistik raketi daşımaq imkanına malikdir və ABŞ-ın strateji nüvə potensialının təxminən 70 faizini təşkil edən nüvə üçlüyünün əsas elementlərindən sayılır.
Vaşinqton ştatındakı Kitsap-Banqor bazasında ABŞ Hərbi Dəniz Qüvvələrinin 9-cu sualtı qayıqlar qrupu yerləşir. Qrupa bu tipdən səkkiz sualtı qayıq daxildir. Onlardan dördü hazırda dənizdə patrul xidməti aparır, qalanları isə bazada təmir və texniki baxışdan keçirilir.