ABŞ universitetləri Donald Tramp administrasiyasının sərtləşdirilmiş miqrasiya siyasəti səbəbindən xarici tələbələrin sayının azalması fonunda milyonlarla dollar maliyyə itkisi ilə üzləşirlər.
"PostMedia" xəbər verir ki, bu barədə "The Washington Post" universitetlərin məlumatlarına istinadən xəbər verir.
Federal statistikanın məlumatına görə, 2026-cı ilin aprel-may aylarında ABŞ-də xarici tələbələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalıb. Xarici tələbələr ümumi tələbə kontingentinin təxminən 6 faizini təşkil etsələr də, yüksək təhsil haqları hesabına universitetlərin gəlirlərinin 12 faizindən çoxunu təmin edirlər.
Kaliforniya Universitetinin iqtisadiyyat professoru Dik Startsın sözlərinə görə, xarici tələbələrin sayının azalması universitetlərin büdcəsində ciddi kəsir yaradır. Ali təhsil müəssisələri bu boşluğu ya təhsil haqlarını artırmaqla, ya da xərcləri azaltmaqla kompensasiya etməli olacaqlar.
Dəyişikliklər xüsusilə xarici tələbələrin payının 30 faizə çatdığı universitetlərdə daha çox hiss olunur. Belə ki, Şimali Texas Universitetində bu il xarici tələbələrin sayı təxminən 2,8 min nəfər azalıb ki, bu da universitet üçün təxminən 45 milyon dollar gəlir itkisinə səbəb olub. Nəticədə ali məktəb 71 təhsil proqramını bağlamaq məcburiyyətində qalıb.
Donald Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrasiyaya nəzarətin gücləndirilməsi tərəfdarı olduğunu bildirib.