Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın Yekaterinburq şəhərində iyulun 6-9-da keçiriləcək "İnnoprom-2026" beynəlxalq sənaye sərgisində iştirakı ilə bağlı qeyri-müəyyənlik yaranıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, əvvəlcə Paşinyan sərginin əsas plenar iclasına – "Sənaye 360: Sərhədsiz istehsal" mövzusunda keçiriləcək panelə dəvət olunmuş əsas məruzəçilərdən biri kimi elan edilmişdi. Onun Rusiya hökumətinin sədri Mixail Mişustin və digər ölkələrin nümayəndələri ilə birlikdə çıxış edəcəyi bildirilirdi.
Lakin sonradan Paşinyanın adı tədbirin rəsmi saytında dəvət olunmuş məruzəçilərin siyahısından çıxarılıb.
Sərginin təşkilatçıları proqramdakı bu dəyişikliyə hələlik münasibət bildirməyib. Paşinyanın adının siyahıdan çıxarılmasının səfərin ləğvi, yoxsa iştirakçı siyahısına texniki düzəlişlə bağlı olduğu açıqlanmayıb.
Ermənistan hökuməti də Baş nazirin "İnnoprom-2026" sərgisində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi iyulun 6-9-da Yekaterinburqda keçiriləcək. Tədbirdə ənənəvi olaraq müxtəlif ölkələrin hökumət başçıları, nazirlər, sənaye və biznes nümayəndələrinin iştirakı gözlənilir.