Türkiyə Avropa İttifaqının SEPA (Vahid Avro Ödəniş Zonası) sisteminə qoşulmaq niyyətindədir.
"PostMedia" xəbər veirr ki, bu barədə ölkənin maliyyə naziri Mehmet Şimşək Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskislə keçirdiyi görüşdən sonra deyib.
Şimşəyin sözlərinə görə, Türkiyə artıq SEPA-ya qoşulmaq üçün niyyət məktubu təqdim edib. O, bildirib ki, proses başa çatdıqdan sonra Türkiyə ilə Avropa İttifaqı arasında sərhədlərarası ödənişlər daha sürətli, daha ucuz və daha təhlükəsiz olacaq.
Nazir həmçinin qeyd edib ki, Ankara dövlət satınalmaları haqqında qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır. Məqsəd Aİ şirkətlərinə Türkiyənin dövlət satınalmaları bazarında bərabər şərait yaratmaq və tərəflər arasında iqtisadi əməkdaşlığın hüquqi bazasını gücləndirməkdir.
Mehmet Şimşək bildirib ki, Türkiyə və Avropa İttifaqı hazırda oxşar çağırışlarla üz-üzədir. Bunlara rəqabət qabiliyyətinin artırılması, strateji asılılıqların azaldılması, enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də innovasiya və süni intellekt hesabına məhsuldarlığın yüksəldilməsi daxildir.
Onun sözlərinə görə, Türkiyə yeni ticarət, enerji və nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq vasitəsilə Avropanın rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verə bilər.
Şimşək əlavə edib ki, Aİ-Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi strateji prioritetdir. Onun xidmətlər, kənd təsərrüfatı, dövlət satınalmaları və rəqəmsal ticarət sahələrini də əhatə etməsi tərəflər arasında təxminən 400 milyard avro həcmində əlavə ticarət potensialı yarada bilər.
Nazir vurğulayıb ki, Avropa maliyyə institutları və mərkəzi banklarla aparılan müzakirələrdə gələcək investisiya ehtiyaclarının yalnız dövlət vəsaiti hesabına qarşılanmasının mümkün olmadığı, buna görə də özəl kapitalın geniş şəkildə cəlb edilməsinin vacibliyi qeyd olunub.