“Bu, İsrail administrasiyasının açıq ikiüzlülüyüdür. XXI əsrin ən amansız qırğınlarından birini həyata keçirərək on minlərlə günahsız mülki şəxsi, o cümlədən körpələri, qadınları və yaşlıları amansızcasına qətlə yetirənlər bu gün tarixi hadisələrdən siyasi silah kimi istifadə etməyə cəsarət edirlər”.
"PostMedia" xəbər verir ki, bu fikirlər Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duranın İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı "X" sosial şəbəkəsində yayımladığı bəyanatda yer alıb.
“İsrailin 1915-ci il hadisələrini guya ‘soyqırımı’ kimi tanıması, əslində, öz əlləri ilə tökdüyü günahsız fələstinlilərin qanını, Yaxın Şərqdə həyata keçirdiyi dövlət terrorunu və insanlığa qarşı cəzasız şəkildə törətdiyi cinayətləri ört-basdır etmək üçün faydasız cəhddən başqa bir şey deyil”, – deyə Duranın paylaşımında qeyd olunub.
Onun sözlərinə görə, “bəşər tarixinin ən böyük ironiyalarından biri odur ki, bu gün mənəvi və tarixi borcdan danışanlar məhz beynəlxalq hüququ pozaraq xəstəxanaları, məktəbləri, ibadət yerlərini və qaçqın düşərgələrini fasiləsiz bombalayan şəxslərdir”.
“Soyqırımı ittihamları ilə Beynəlxalq Məhkəmə qarşısında cavab verənlərin Türkiyəyə tarix dərsi keçməyə və ya vicdan keşikçisi rolunu oynamağa heç bir haqqı yoxdur”, – deyə Duran bildirib.