Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) "Ryanair" aviaşirkətinə qarşı araşdırma başladıb. Səbəb isə uçuş zamanı valideynlərin öz uşaqlarının yanında otura bilməsi üçün onlardan ödəniş tələb olunmasıdır.
"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.
Tənzimləyici orqan araşdırır ki, aviaşirkətin mövcud siyasəti istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliyi pozurmu. CMA-nın məlumatına görə, valideynlər adətən marşrutun hər seqmenti üçün əlavə təxminən 8 funt sterlinq ödəməyə məcbur olurlar ki, uşaqlarının yanında otura bilsinlər.
Qurumun bildirdiyinə görə, "Ryanair" qaydalarına əsasən 2–11 yaş arası uşaqların yanında böyüklərin oturması tələb olunur. Bunun üçün “məcburi ailə oturacağı” adlanan sistem tətbiq edilir və əlavə ödəniş tutulur.
CMA qeyd edib ki, aviaşirkətin bu praktikasının uşaqların və hərəkət məhdudiyyəti olan sərnişinlərin təhlükəsizliyinə dair öhdəliklərdən irəli gələn xərcləri sərnişinlərin üzərinə qoyub-qoymadığını da yoxlayacaq.
Tənzimləyici həmçinin diqqətə çatdırıb ki, Böyük Britaniyadan uçan digər iri aviaşirkətlər ya uşaqları valideynlərinin yanında ödənişsiz yerləşdirir, ya da bron zamanı avtomatik olaraq ailə oturacaqlarını bir yerdə təyin edir.
Araşdırma qiymətlərin şəffaflığı məsələsinə də toxunacaq. Qurum yoxlayacaq ki, sərnişinlər bilet alarkən bütün əlavə xərclər barədə əvvəlcədən məlumatlandırılır, yoxsa bu ödənişlər yalnız bron prosesinin son mərhələsində ortaya çıxır.
"Ryanair" isə tənzimləyicinin iddialarını rədd edərək araşdırmanı “əsassız” adlandırıb. Şirkət bildirib ki, valideynlər yalnız böyüklər üçün bir oturacaq haqqı ödəyir, eyni bron çərçivəsində isə dörd uşaq oturacağı pulsuz təqdim olunur.
Daşıyıcı həmçinin qeyd edib ki, ailələr üçün oturacaq bölgüsü siyasəti tam şəkildə mövcud qanunvericiliyə uyğundur.
Öz növbəsində istehlakçı hüquqlarını müdafiə edən Britaniyanın "Which?" təşkilatı araşdırmanı alqışlayıb və uşaqların yanında oturmaq üçün əlavə ödəniş tələb olunmasını uzun müddətdir tənqid etdiyini bildirib.
Araşdırma CMA-nın istehlakçılar üçün gizli xərclərə qarşı geniş kampaniyasının bir hissəsi kimi aparılır. Yeni səlahiyyətlərə əsasən, qanun pozuntusu aşkar edilərsə, şirkətlər qlobal dövriyyələrinin 10%-ə qədər cərimələnə bilərlər.