Koreya Respublikasının polisi Mərkəzi Seçki Komissiyasında (MSK) axtarışlar həyata keçirib. Buna səbəb iyunun 3-də keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı bir sıra seçki məntəqələrində bülleten çatışmazlığının yaşanması olub.
"PostMedia" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Təxminən 100 polis əməkdaşı yeddi ünvanda, o cümlədən Kvaçon şəhərində yerləşən MSK-nın baş qərargahında və Seuldakı regional bölmələrdə axtarış aparıb. İyunun 3-də keçirilən seçkilər zamanı bülletenlərin çatışmaması səbəbindən ölkə üzrə 26 seçki məntəqəsinin fəaliyyəti dayandırılmışdı. İnsanlar növbələrdə gözləməyə məcbur olmuş, səsvermə müddəti isə uzadılmışdı.
Bu məntəqələrin əksəriyyəti Seulun Sonpha rayonunda yerləşir. Burada narazı vətəndaşlar artıq yeddinci gündür səslərin hesablandığı stadionun yaxınlığında etiraz aksiyası keçirərək təkrar səsvermə tələb edirlər. Etirazçıların bir hissəsi sağçı baxışlara malik şəxslərə xas şüarlar səsləndirir.
"Yonhap"ın məlumatına görə, polis həmçinin qalmaqal səbəbindən istefa vermiş MSK-nın keçmiş sədri No Te Ak barəsində də axtarış qərarı alıb. Komissiyanın əməkdaşları səhlənkarlıqda və seçki qanunvericiliyini pozmaqda şübhəli bilinirlər. Daha əvvəl Koreya Respublikasının Prezidenti Li Ce Myon yaranmış vəziyyətlə bağlı araşdırma aparılması barədə göstəriş vermişdi.
Seulda səsvermənin nəticələrinə əsasən, səslərin 2 faizdən az fərqi ilə müxalif “Vətəndaş Gücü” Partiyasının namizədi, hazırkı mer O Se Hun qalib gəlib. Lakin 16 regionun 12-də onun mühafizəkar tərəfdarları məğlub olublar. 2022-ci ildə keçirilmiş əvvəlki seçkilərdə vəziyyət əksinə idi: sağçılar 17 regionun 12-də qalib gəlmiş, qalan regionlarda isə hakim liberal “Toburo” Demokratik Partiyası üstün olmuşdu.