"TasteAtlas"ın hazırladığı dünyanın ən yaxşı mətbəxləri reytinqində Azərbaycan mətbəxi 87-ci yeri tutub.
"PostMedia"nın məlumatına görə, hesabatda deyilir ki, Azərbaycan mətbəxi zəngin dad ənənələri, regional müxtəlifliyi və əsrlər boyu formalaşmış kulinariya irsi ilə seçilir. "TasteAtlas" platformasında Azərbaycan mətbəxi dünyanın ən yaxşı mətbəxləri arasında 67-ci yerdə qərarlaşıb və ölkənin ümumi reytinqi 4,1 bal olaraq göstərilib. Platformada Azərbaycanın 40 ənənəvi yeməyi qiymətləndirilib.
Azərbaycan mətbəxinin ən məşhur yeməkləri arasında lülə kababı, qutab, şah plov, yarpaq dolması, ləvəngi, narşərab, Şəki piti, dovğa və düşbərə xüsusi yer tutur. Şirniyyatlardan şəkərbura, badambura və digər ənənəvi şirniyyatlar geniş tanınır.
TasteAtlas həmçinin Bakını Azərbaycan mətbəxinin əsas kulinariya mərkəzi kimi təqdim edir və burada qutab, lülə kababı və şah plovun dadına baxmağı tövsiyə edir. Platformada "Mugam Club", "Şirvanşah Muzey Restoranı", "Firuzə Restaurant", "Sahil" və "Sumakh" kimi restoranlar ənənəvi Azərbaycan yeməklərini dadmaq üçün seçilən məkanlar sırasında göstərilir.
Bundan əlavə, TasteAtlas Azərbaycanın kulinariya ənənələrinin yalnız paytaxtla məhdudlaşmadığını vurğulayır. Lənkəran ləvəngisi, Şəki pitisi və Abşeron zəfəranı kimi regional məhsul və yeməklər ölkənin zəngin qastronomik irsinin mühüm hissəsi hesab olunur.
Reytinqdə Gürcüstan 21-ci, Türkiyə 7-ci, Rusiya 28-ci, Ermənistan 87-ci, İran isə 42-ci yerdə qərarlaşıb.
Siyahıya İtaliya mətbəxi başçılıq edib.
Reytinqə ümumilikdə 100 ölkə daxil edilib.