ABŞ Daxili Təhlükəsizlik Nazirliyi xarici jurnalistlər, tələbələr və mübadilə proqramı iştirakçıları üçün viza qaydalarını dəyişərək onların ölkədə qalma müddətini sabit vaxt çərçivəsi ilə məhdudlaşdırıb.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun "Federal Register"də dərc olunan bildirişində qeyd olunub.
Sənədə əsasən, yeni qaydaların məqsədi ABŞ hakimiyyətinə əlavə nəzarət imkanları vermək və bu kateqoriyadan olan viza sahiblərinin ölkədə olduqları müddətdə statuslarına əməl edib-etmədiklərini daha effektiv izləməkdir.
Söhbət müvafiq olaraq I, F və J kateqoriyalı vizalardan gedir. Əvvəlki qaydalara görə, bu vizalar şəxsin ABŞ-da qalma məqsədi qüvvədə olduğu müddətdə – məsələn, xarici KİV-də işlədiyi və ya ABŞ universitetində təhsil aldığı dövrdə etibarlı sayılırdı və əksər hallarda konkret bitmə tarixi olmurdu.
Yeni qaydalara əsasən, xarici jurnalistlər ABŞ-da işləmək məqsədilə maksimum 240 gün qala biləcəklər, zərurət yaranarsa, bu müddət sonradan uzadıla biləcək. Çin vətəndaşları üçün isə bu müddətin 90 gün ilə məhdudlaşdırılması nəzərdə tutulur.
Xarici tələbələr və mübadilə proqramı iştirakçıları isə təhsil və ya proqram müddəti ərzində, lakin maksimum 4 il ABŞ-da qala biləcəklər.