Ukrayna Silahlı Qüvvələri iyunun 11-nə keçən gecə Xerson vilayətini Krımla birləşdirən dörd körpüyə zərbələr endirib.
"PostMedia"nın məlumatına görə, Rusiya tərəfindən işğal olunmuş Xerson vilayətinə təyin edilmiş “qubernator” Vladimir Saldo bildirib ki, ilkin məlumata görə, körpülərə ziyan dəyib.
Onun sözlərinə görə, Preobrajenka və Mirnoye rayonlarında Şimali Krım kanalı üzərində yerləşən körpülər, Perekop–Armyansk istiqamətindəki avtomobil körpüsü, həmçinin Stavki yaşayış məntəqəsi yaxınlığındakı körpü hücuma məruz qalıb.
Saldo qeyd edib ki, gecə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri işğal olunmuş Xerson vilayətinin səmasında 45 Ukrayna pilotsuz uçuş aparatını vurub. O bildirib ki, Ukrayna tərəfi zərbələri əsasən regionun nəqliyyat infrastrukturuna yönəldir.
Bundan əvvəl, iyunun 10-da USQ Geniçeski Krımın Arabat dili ilə birləşdirən keçidə zərbə endirmişdi. İyunun 9-da isə Ukrayna ordusu Çonqar körpüsünə hücum etmiş, nəticədə körpüdə hərəkət dayandırılmışdı. Həmin körpü iki gün əvvəl də hücuma məruz qalmışdı.
May ayında Ukrayna Silahlı Qüvvələri işğal olunmuş ərazilərdə Rusiyanın logistikasına qarşı zərbələri gücləndirib. OSINT analitiki Klement Molinin hesablamalarına görə, may ayının dörd həftəsi ərzində Rostovdan Mariupol və Melitopol üzərindən Krıma gedən R-280 “Novorossiya” federal magistralında təxminən 125 yük maşını vurulub.
İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna ordusu artıq “demək olar ki, bütün müvəqqəti işğal olunmuş ərazilərdə Rusiyanın hərbi logistikasına zərbələr endirmək” imkanına malikdir. Onun sözlərinə görə, bu, ilk növbədə Krımda və digər işğal olunmuş bölgələrdə yanacaq qıtlığı ilə özünü göstərir.
Bu fonda Krımda yanacaq böhranı başlayıb. Rusiya tərəfindən təyin olunmuş hakimiyyət orqanları benzin satışına məhdudiyyətlər tətbiq edib – bir nəfərə maksimum 20 litr benzin satılır, həmçinin talon sistemi tətbiq olunub. Buna baxmayaraq, vəziyyət pisləşməkdə davam edib və nəticədə iyunun 4-də Krımda nağd pulla benzinin sərbəst satışı tamamilə dayandırılıb.