“Rosselxoznadzor” 2026-cı il iyunun 12-dən etibarən Ermənistandan gətirilən və Ermənistan mənşəli bütün karantin məhsullarının Rusiyaya idxalını, eləcə də onların Rusiya ərazisindən keçməklə Aİİ üzv dövlətlərinə tranzitini məhdudlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.
“Qadağa daşınan məhsulların təhlükəsizliyini və izlənəbilməsini təmin edən aydın mexanizm hazırlanana qədər qüvvədə qalacaq.
Qərar karantin obyektlərinin mütəmadi aşkarlanması səbəbindən qəbul edilib. Xidmət cari ilin may ayından başlayaraq erməni karantin məhsullarının ayrı-ayrı növlərinin idxalını mərhələli şəkildə məhdudlaşdırıb, həmçinin tədarüklər zamanı qeydə alınmış pozuntularla bağlı erməni tərəfinə dəfələrlə məlumat göndərib.
Bununla belə, karantin obyektlərinin aşkarlanması halları davam edir. İyun ayında Ermənistandan idxal olunmuş qoz, qurudulmuş şaftalı və qurudulmuş pomidor partiyalarında kapra böcəyi ilə yoluxmanın 3 halı qeydə alınıb”, – “Rosselxoznadzor”da bildiriblər.
Qeyd olunan faktlar Ermənistanın səlahiyyətli orqanı tərəfindən lazımi nəzarətin həyata keçirilmədiyini göstərir və fitosanitar sertifikatlaşdırma sisteminə etimadsızlıq yaradır. Ermənistanın Karantin və Bitki Mühafizəsi Xidmətinin fəaliyyətinin səmərəsizliyi Rusiyanın və Aİİ-nin fitosanitar təhlükəsizliyi üçün risk yaradır.
“Kapra böcəyi ehtiyat məhsulların hər şeylə qidalanan zərərvericisidir və Rusiya ərazisində mövcud deyil. O, taxıl, yağlı bitkilər, paxlalılar, texniki bitkilərin toxumlarına və onların emal məhsullarına, eləcə də meşə, dekorativ və digər bitkilərə zərər vurur. Taxıl anbarlarını, nəqliyyat vasitələrini, xammal və un anbarlarını, dəyirmanları, yem zavodlarını, qənnadı fabriklərini, səməni anbarlarını və pivə zavodlarının üyütmə sexlərini yoluxdura bilər. Saxlanılan məhsulun 70 faizədək hissəsini məhv etmək qabiliyyətinə malikdir.
Rusiya ərazisinə dəyən iqtisadi zərər təkcə məhsul itkisi və ya yoluxma ocaqlarının lokallaşdırılması və aradan qaldırılması tədbirləri ilə məhdudlaşmır, həmçinin bu zərərvericinin olmadığı karantin obyekti hesab edildiyi ölkələrin ixrac bazarlarının itirilməsi ilə də nəticələnə bilər. Bu isə ixrac olunan taxıl məhsullarının zərərsizləşdirilməsi üçün əlavə iqtisadi xərclərə səbəb ola bilər”, – Rusiya qurumunun məlumatında qeyd olunur.