Amerika hərbçiləri bazar ertəsi axşam Oman sahilləri yaxınlığında suya düşən "Apache" helikopterinin iki ekipaj üzvünü xilas ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İyunun 8-də, Şərq vaxtı ilə saat 19:33-də ABŞ qüvvələri ABŞ Ordusuna məxsus "AH-64 Apache" helikopterinin iki ekipaj üzvünü xilas edib. Helikopter Oman sahilləri yaxınlığında, regional sularda patrul xidməti həyata keçirərkən qəzaya uğrayıb”, – deyə CENTCOM-un sosial şəbəkələrdə yayımladığı açıqlamada qeyd olunub.
“Aparılan əməliyyat nəticəsində hərbçilər təxminən iki saat ərzində uğurla xilas ediliblər. Onların vəziyyəti stabil qiymətləndirilir. Hadisənin səbəbləri araşdırılır. Xilasetmə əməliyyatına ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 82-ci Hava Desant Diviziyası rəhbərlik edib. Əməliyyata ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri, o cümlədən ABŞ 5-ci Donanmasının 59-cu Tapşırıq Qrupu dəstək verib”, – sənəddə bildirilir.
Çərşənbə axşamı səhər tezdən Nyu-Yorkdakı Con Kennedi hava limanında jurnalistlərlə söhbəti zamanı Donald Tramp xüsusi olaraq qeyd edib ki, “pilotlarla hər şey qaydasındadır”.
Daha sonra, həmin gün CENTCOM əməliyyatın diqqətçəkən bir detalını açıqlayıb: ekipaj üzvləri avtonom pilotsuz suüstü vasitə (USV) – dəniz dronu vasitəsilə aşkar edilərək sudan təxliyə olunublar.
“Bu, ABŞ Silahlı Qüvvələrinin tarixində insanların xilas edilməsi məqsədilə pilotsuz motorlu qayıqların döyüş əməliyyatında ilk tətbiqi olub”, – deyə CENTCOM-un rəsmi nümayəndəsi, kapitan Tim Havkins bildirib.