Gürcüstan hökuməti miqrasiya siyasətini sərtləşdirmək üçün qanunvericiliyə dəyişikliklər hazırlayıb.
”PostMedia” xəbər verir ki, yeni qaydalara əsasən, ölkə vətəndaşlığını, yaşayış icazəsini və ya ölkədə qalmaq hüququnu əldə etmək məqsədilə bağlanan saxta nikahlar cinayət məsuliyyəti yarada bilər.
Daxili İşlər Nazirliyinin hazırladığı dəyişikliklərə görə, belə hallara yol verən xarici vətəndaşlar deportasiya oluna, 2 ildən 10 ilədək Gürcüstana giriş qadağası ala, həmçinin cərimə, ev dustaqlığı və ya həbs cəzası ilə üzləşə bilərlər. Bununla yanaşı, Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yeni yaşayış icazəsi növü tətbiq ediləcək və nikahın həqiqiliyi xüsusi komissiya tərəfindən yoxlanılacaq.
Dəyişikliklər xarici tələbələrə də şamil olunacaq. Belə ki, universitetə formal şəkildə qəbul olunsa da, faktiki olaraq təhsildə iştirak etməyən tələbələrlə bağlı nəzarət gücləndiriləcək. Xarici tələbələrdən beynəlxalq dil sertifikatı və ya müvafiq imtahan nəticəsi tələb oluna bilər. Dil bilikləri təsdiqlənmədən xarici dildə tədris olunan proqramlara qəbul mümkün olmayacaq.
Yeni qaydalara əsasən, təhsil müəssisələri xarici tələbələrin qəbulu, köçürülməsi və xaric edilməsi barədə dövlət qurumlarına məlumat verməli olacaq. Akademik tələbləri yerinə yetirməyən və ya faktiki olaraq Gürcüstanda yaşamayan tələbələrin yaşayış icazəsinin ləğvi də nəzərdə tutulur.
Gürcüstan hökuməti bildirir ki, dəyişikliklərin məqsədi miqrasiya proseslərinə nəzarəti gücləndirmək, dövlət təhlükəsizliyini artırmaq və ölkədə yaşayan əcnəbilərlə bağlı sistemi daha şəffaf etməkdir.