ABŞ Silahlı Qüvvələri cümə axşamı İrana endirdiyi zərbələr zamanı “Tomahawk” tipli qanadlı raketlərdən istifadə edib.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumat yayıb.
Məlumata görə, raketlər Ərəb dənizində yerləşən hərbi gəmilərdən buraxılıb.
Komandanlıq həmçinin hazırda Ərəb dənizində, İrandan cənub-şərq istiqamətində yerləşən ABŞ hərbi dəniz qruplaşmasının tərkibində olan "USS Michael Murphy" esminesindən raketlərin buraxılışını əks etdirən video yayımlayıb.
ABŞ Hərbi Dəniz İnstitutunun məlumatına görə, CENTCOM-un sərəncamında hazırda 14 raketdaşıyan esmines var. Silahlanmadan asılı olaraq, bu gəmilərin hər biri ən azı 32 ədəd dəniz bazalı “Tomahawk” qanadlı raketi daşıya bilər. Bu raketlərin uçuş məsafəsi 1600 kilometrə çatır.
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, İran hədəflərinə qarşı əməliyyat zamanı 49 “Tomahawk” raketi buraxılıb. Bundan əlavə, hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün döyüş təyyarələri də istifadə olunub. Onun sözlərinə görə, hədəflər İranın Fars körfəzi sahillərində, eləcə də Tehrandan 65 kilometr məsafədə yerləşib.
CENTCOM-un açıqlamasında qeyd olunur ki, əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri “İran ərazisində yerləşən hərbi hava müşahidə vasitələrinə, rabitə sistemlərinə və hava hücumundan müdafiə obyektlərinə zərbələr endirib”. Bildirilir ki, ABŞ dəniz piyadaları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri Amerika qoşunları və regionun sularından keçən beynəlxalq ticarət gəmiləri üçün təhlükə yaradan İran hədəflərinə qarşı yüksək dəqiqlikli sursatlardan istifadə ediblər.
Cümə axşamına keçən gecə ABŞ hərbçiləri növbəti dəfə İrana hücum ediblər. CENTCOM-un məlumatına görə, zərbələr “özünümüdafiə məqsədilə” endirilib və “İranın davam edən və əsassız aqressiyasına cavab” xarakteri daşıyıb.
İran KİV-lərinin məlumatına əsasən, ölkənin altı bölgəsində güclü partlayışlar baş verib.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə Hörmüz boğazının bütün növ gəmilər üçün bağlandığını elan edib.