Ferrari şirkəti İtaliya brendinin ilk elektromobili olan "Ferrari Luce" modelinin debütündən bir neçə həftə sonra marketinq və kommersiya direktoru Enriko Qalieranı dəyişib. Onun vəzifəsinə BMW-nin İtaliya bölməsinin rəhbəri Massimiliano Di Silvestre təyin olunub və o, vəzifəsinin icrasına iyulun 1-də başlayacaq.
"PostMedia" xəbər verir ki, bu barədə iyunun 23-də "Electrek" portalı məlumat yayıb.
Enriko Qaliera "Ferrari"də 16 ildən artıq çalışıb. Şirkət onun gedişini şəxsi qərar və “həyatında yeni səhifə açmaq” istəyi ilə izah edib. Bildirilir ki, Di Silvestrenin premium avtomobillər seqmentində zəngin iş təcrübəsi var.
“Ferrari" Qalieranın gedişinin "Luce" modeli ilə əlaqəli olduğunu təsdiqləməyib. Lakin rəhbər dəyişikliyi üçün seçilən vaxtı görməməzlikdən gəlmək çətindir. Marketinq şöbəsinin rəhbəri şirkətin yaxın tarixinin ən çox müzakirə olunan məhsulunun təqdimatından cəmi bir neçə həftə sonra vəzifədən ayrılır və bazar bu məhsula son dərəcə sərt reaksiya verib”, - deyə nəşrdə bildirilir.
"Ferrari Luce" may ayının sonunda internetdə ən çox müzakirə olunan avtomobillərdən birinə çevrilib və brendin pərəstişkarlarının kəskin tənqidlərinə məruz qalıb. Tənqidçilər arasında hətta "Ferrari"nin keçmiş prezidenti Luka di Montezemolo, həmçinin İtaliyanın baş nazirinin müavini və nəqliyyat naziri Matteo Salvini də olub. Modelin təqdimatı mayın 26-da baş tutub və bundan sonra "Ferrari" şirkətinin səhmləri təxminən 8% ucuzlaşıb.
"Ferrari" tarixində ilk elektromobil olan "Luce" modelinin dizaynına görə "LoveFrom" studiyası məsul olub. Bu studiya "Apple"dən ayrılmış Jony Ive və Mark Newson tərəfindən yaradılıb. Elektromobil ümumilikdə 1050 at gücü hasil edən dörd elektrik mühərrikli güc qurğusu ilə təchiz olunub və yenilik avtomobili yerindən ilk 100 km/saat sürətə 2,5 saniyəyə, 200 km/saat sürətə isə 6,8 saniyəyə çatdırır.