Rusiya və Azərbaycan 2024-cü ilin dekabrında Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün məsələləri tənzimləyib.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində bildirib, bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.
Onun sözlərinə görə, söhbət faciənin nəticələri ilə bağlı məsələlərdən gedir və konkret insanlara aid olduğuna görə əldə olunmuş razılaşmaların detalları açıqlanmır.
Qaluzin həmçinin bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qarşıdan gələn səfəri zamanı Rusiya 2024-cü ilin iyun-iyul aylarında Bakıda saxlanılmış 11 Rusiya vətəndaşının azadlığa buraxılması məsələsini qaldırmaq niyyətindədir.
O əlavə edib ki, tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlıq da daxil olmaqla ikitərəfli məsələlərin geniş spektrini 2022-ci il müttəfiqlik bəyannaməsi çərçivəsində müzakirə etməyə davam edirlər.
Xatırladaq ki, Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau bölgəsində qəzaya uğramışdı. Qəza nəticəsində 38 nəfər həlak olmuşdu. Bakı daha əvvəl təyyarəyə Rusiya hava məkanında kənar təsir göstərildiyini bəyan etmişdi, Moskva isə bu ittihamları təsdiqləməmişdi.