ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. O, məhkəmə vasitəsilə hakimiyyət orqanlarının onun barəsində aparıldığı iddia olunan araşdırmalarla bağlı sənədləri qoruyub saxlamasını tələb edir. Brennanın sözlərinə görə, həmin araşdırmalar kifayət qədər əsas olmadan həyata keçirilir.
"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
İddia Vaşinqtonun federal məhkəməsinə təqdim edilib. Brennan hesab edir ki, gələcəkdə ona qarşı cinayət ittihamları irəli sürüləcəyi təqdirdə, həmin materiallar müdafiəsi üçün vacib ola bilər. Onun vəkillərinin fikrincə, sənədlər mümkün təqibin siyasi motivli olduğunu və cavab xarakteri daşıdığını sübut etməyə kömək edəcək.
İddia ərizəsində qeyd olunur ki, Donald Tramp 2017-ci ildən etibarən dəfələrlə Brennana qarşı açıq şəkildə tənqidi çıxışlar edib və ABŞ Ədliyyə Nazirliyini faktiki və hüquqi əsaslardan asılı olmayaraq ona qarşı iş açmağa çağırıb. Hüquqşünaslar bildiriblər ki, məhkəmə araşdırmaları başladan vəzifəli şəxslərin motivlərini qiymətləndirməli və onların hərəkətlərinin MKİ-nin keçmiş rəhbərinin hüquqlarını pozub-pozmadığını müəyyənləşdirməlidir.
İddiada cavabdeh qismində Donald Tramp, ABŞ-ın baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel, eləcə də Brennan və prezidentin digər keçmiş tənqidçiləri ilə bağlı araşdırmaları koordinasiya edən Floridanın federal prokurorları göstərilib.
İddia sənədində bildirilir ki, Brennan Floridada aparılan iki ayrı istintaqın hədəfindədir. Bunlardan biri 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ kəşfiyyat orqanlarının qiymətləndirmələri barədə Konqresə mümkün yalan ifadələrin verilməsi ilə əlaqədardır.
İkinci araşdırma isə hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərin keçmiş əməkdaşlarının Rusiyanın ehtimal olunan müdaxiləsi ilə bağlı istintaq zamanı Donald Trampın mövqelərini zəiflətmək məqsədilə mümkün şəkildə sui-qəsd təşkil edib-etmədiklərinin araşdırılmasına yönəlib.
Hazırda Brennan barəsində hər hansı rəsmi ittiham irəli sürülməyib. ABŞ Ədliyyə Nazirliyi isə daha əvvəl hüquq-mühafizə sistemindən siyasi məqsədlər üçün istifadə olunması ilə bağlı iddiaları rədd edib.