ABŞ Prezidenti Donald Trampın oğullarına qismən məxsus olan şirkətin investorları Qazaxıstanda volfram hasilatı layihəsi ilə bağlı bir qurumda 20% pay əldə ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə "New York Times" (NYT) yazır.
Nəşrin məlumatına görə, ötən ilin sentyabrında Amerika tərəfi (üz-üzə görüşdə iştirak edən ticarət naziri Hovard Latnikin və telefonla qoşulan prezident Donald Trampın simasında) Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayevdən “az tanınan bir Amerika şirkətinə dünyada ən böyük işlənməmiş volfram yataqlarından birinə çıxış imkanı vermək” barədə razılıq əldə edib.
“Bu imkanı təkcə Tramp və Latnik görmədilər. Çox keçmədən onların oğulları məhz atalarının yol açdığı sövdələşmənin tərəfdaşları ilə biznes qurmağa başladılar”, – deyə qəzet qeyd edir.
Məqaləyə görə, ABŞ prezidentinin iki böyük oğlu – Donald Tramp kiçik və Erik Trampa qismən məxsus olan "Dominari Securities" şirkətinin investorları digər tərəfdaşlarla birlikdə Qazaxıstan layihəsi ilə əlaqəli korporativ strukturda 20 faiz pay əldə ediblər.
Bundan əlavə, NYT-nin məlumatına görə, Latnik ailəsinin nəzarətində olan və işlərini onun oğulları Brendon və Kaylın idarə etdiyi "Cantor Fitzgerald investisiya şirkəti Qazaxıstan sövdələşməsi çərçivəsində "Dominari ilə əməkdaşlıq edən aparıcı investorlardan birinə bununla əlaqəli struktur üçün 210 milyon dollar cəlb etməyə kömək edib.