Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutan və şərti olaraq “Tramp yolu” adlandırılan layihənin həyata keçirilməsi bir sıra siyasi və geosiyasi amillərlə üzləşir. Onun fikrincə, Rusiyanın iştirakı layihəni daha dayanıqlı və perspektivli edə bilər.
Diplomatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləri hələ 2022–2023-cü illərdə Rusiya-Ermənistan-Azərbaycan baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli işçi qrupunun çərçivəsində müzakirə olunub. Məhz həmin dövrdə iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpası və dəmir yollarının birləşdirilməsi şərtləri razılaşdırılmışdı.
“Bu müzakirələrin və üçtərəfli işçi qrupu çərçivəsində dialoqun dayanması bizim günahımız deyil”, – deyə Qaluzin bildirib.
Onun sözlərinə görə, əvvəlki formatda işlərin davam etdirilməsi hazırda çətinləşib. Səbəb isə Ermənistanın, diplomatın iddiasına görə, “gələcək dəmir yolunun nizamnamə kapitalının 49 faizini Amerika tərəfinə vəd etməsidir”.
Bununla belə, Qaluzin layihənin perspektivləri ilə bağlı şübhələrini də ifadə edib. Onun fikrincə, ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra Tehran çətin ki, ABŞ-nin öz şimal sərhədləri yaxınlığında mümkün iştirakını müsbət qarşılasın. Bundan başqa, diplomat ekspertlərin fikirlərinə istinad edərək qeyd edib ki, Çin də Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin bir hissəsinə ABŞ nəzarətində maraqlı olmaya bilər.
Rusiya XİN başçısının müavini bildirib ki, əksinə, Rusiyanın layihədə iştirakı onun həyata keçirilməsinə töhfə verə bilər. O qeyd edib ki, Azərbaycanla fasiləsiz əlaqəni təmin etmək üçün dəmir yolunun böyük ehtimalla Rusiya standartlarına uyğun geniş rels sistemi ilə inşa olunması lazım gələcək.
Bundan əlavə, Ermənistan dəmir yolları “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin idarəçiliyindədir və bu şirkət “Rusiya Dəmir Yolları”nın törəmə müəssisəsidir. Qaluzinin sözlərinə görə, Ermənistan ərazisindən tranzit də Avrasiya İqtisadi Birliyinin normalarına uyğun həyata keçirilməlidir.
Diplomat həmçinin xatırladıb ki, nəzərdə tutulan marşrut Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərinin rus sərhədçilərinin erməni tərəfi ilə birlikdə nəzarət etdiyi hissəsindən keçir.
“Bu və ya digər şəkildə Rusiyanın mövqeyi nəzərə alınmalıdır, Avrasiya İqtisadi Birliyinin mövqeyi nəzərə alınmalıdır. Biz hesab edirik ki, Rusiya tərəfinin iştirakından layihə yalnız fayda görərdi”, – deyə o vurğulayıb.
Ermənistanda rus sərhədçilərinin mövcudluğu ilə bağlı danışan Qaluzin bildirib ki, Moskva Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində onların fəaliyyətini tənzimləyən 1992-ci il razılaşmasının icrasına əsaslanır və bu razılaşmaların yenidən nəzərdən keçirilməsi ilə bağlı heç bir siqnal almayıb.
O əlavə edib ki, Rusiya tərəfi İrəvandan Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı müqavilənin yenidən nəzərdən keçirilməsi barədə də heç bir siqnal almayıb. Həmin müqavilənin qüvvədə olma müddəti 2044-cü ilə qədər nəzərdə tutulub.
“Erməni tərəfi rəsmi səviyyədə bəyan edir ki, İrəvan Gümrüdən Rusiya hərbi bazasının çıxarılması məsələsini nəzərdən keçirmir”, – deyə Qaluzin bildirib.
Onun sözlərinə görə, Moskva bu hərbi bazanı həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsində əsas elementlərdən biri hesab edir.
Diplomat həmçinin qeyd edib ki, bəzi siyasi qüvvələrin və Qərbyönlü qeyri-hökumət təşkilatlarının Rusiyanın hərbi mövcudluğunu “işğal aləti” kimi təqdim etmək cəhdləri yerli əhali arasında dəstək qazanmır.
Ermənistanın rus hərbi bazasının mövcudluğu şəraitində Avropa İttifaqına üzvlüyünün hipotetik mümkünlüyünü şərh edən Qaluzin bildirib ki, bu məsələni Ermənistan tərəfi özü müəyyən etməlidir.
Onun sözlərinə görə, Rusiya qüvvədə olan razılaşmaya əsaslanır, öz öhdəliklərini yerinə yetirmək niyyətindədir və İrəvandan da eyni yanaşmanı gözləyir.
| « İyul 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||