6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya | İdman

“Tour de France”ın təşkilatçıları ekstremal hava şəraitinə hazırlaşır

03-iyul-2026
“Tour de France”ın təşkilatçıları ekstremal hava şəraitinə hazırlaşır
Yazı Ölçüsü:

Şənbə günü Barselonada start götürəcək “Tour de France” çoxgünlük veloyürüşünün təşkilatçıları yaxın günlərdə Fransa və İspaniyanı əhatə edəcəyi proqnozlaşdırılan yeni isti hava dalğasının mümkün nəticələrinə hazırlaşırlar. Yarışın tarixində ilk dəfə olaraq yüksək temperatur səbəbindən bəzi mərhələlərin ləğv edilməsi ehtimalı nəzərdən keçirilir.

"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.

“Tour de France”ın texniki direktoru Tyeri Quvenou bildirib ki, iqlim şəraiti artıq təşkilatçıların əsas problemlərindən birinə çevrilib.

“Biz daim bu barədə düşünürük. Əvvəllər də belə vəziyyətlərlə qarşılaşmışıq, amma indi hər şey daha ciddidir, xüsusilə də may və iyun aylarında baş verənlərdən sonra”, – deyə o qeyd edib.

Meteoroloqların proqnozlarına görə, Fransa və İspaniyanın bəzi bölgələrində havanın temperaturu 44 dərəcəyə çata bilər. Yarışın bazar günü keçiriləcək ikinci mərhələsi – Aralıq dənizi sahili boyunca uzanan Tarraqona-Barselona marşrutu artıq anomal istilərin təsiri altına düşə bilər.

Ekstremal temperatur artıq digər velosiped yarışlarına da təsir göstərib. “İsveçrə turu” zamanı ümumi sıralamada lider olan Eliza Lonqo Borqini günvurma keçirib, təxminən on dəqiqə itirib və finişdən sonra ciddi halsızlıq və yaddaş problemləri yaşayıb.

XDS Astana komandasının tibbi direktoru Emilio Maqni xəbərdarlıq edib ki, istilik zərbəsi idmançıların həyatı üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, orqanizmin həddindən artıq qızması zamanı əvvəlcə beynin temperaturun tənzimlənməsi mexanizmləri pozulur, daha sonra isə ürək-damar sistemi və qan dövranı zərər görür.

Ekstremal hava şəraitində yarışların keçirilməsi üçün qüvvədə olan protokol əlavə qidalanma məntəqələrinin yaradılmasını, su ehtiyatlarının artırılmasını və velosipedçilərə soyuq içkilər çatdıran motosikletlərin istifadəsini nəzərdə tutur. Lakin təşkilatçılar etiraf edirlər ki, belə yüksək temperatur şəraitində bu tədbirlər kifayət etməyə bilər.

Peşəkar idman ictimaiyyətində mərhələlərin start vaxtının daha erkən saatlara keçirilməsi ilə bağlı təkliflər də səsləndirilir ki, günün ən isti vaxtlarından qaçmaq mümkün olsun. Bununla belə, təşkilatçılar bildirirlər ki, yarışın cədvəli böyük ölçüdə beynəlxalq televiziya yayımlarından asılıdır.

Yarışın direktoru Kristian Pryudom vurğulayıb ki, son anda yarış qrafikinin dəyişdirilməsi olduqca mürəkkəb prosesdir. Çünki “Tour de France”ın təhlükəsizliyi və təşkili üçün polis, jandarma və fövqəladə xidmət orqanlarından təxminən 28 min əməkdaş cəlb olunur.

“Tour de France”ın bütün tarixi ərzində mərhələlər müharibələr, tətillər, ictimai iğtişaşlar və pandemiya səbəbindən ləğv edilib. Lakin indiyədək heç vaxt ekstremal istilər yarışın dayandırılmasına səbəb olmayıb. İndi isə təşkilatçılar istisna etmirlər ki, iqlim dəyişiklikləri ilk dəfə belə bir ssenariyə gətirib çıxara bilər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031