Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləyici Komissiya dekabrın 29-da 2026-cı ildən etibarən elektrik və qaz tariflərinin artırılması məsələsini müzakirə edəcək.
"PostMedia" Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu komissiyanın sədri David Narmania bildirib.
Gürcüstanın əksər bölgələrində əhali üçün təbii qazın tarifi 1 kubmetr üçün 57 tetri (təxminən 36 qəpik) təşkil edir. Tbilisidə isə "Tbilisi Energy" qaz paylama şirkətinin abonentləri üçün tarif 1 kubmetr üçün 54 tetridir (təxminən 34 qəpik). Elektrik enerjisi üçün isə istehlak miqdarına görə üç fərqli tarif tətbiq olunur.
D.Narmania qeyd edib ki, hazırkı mərhələdə təbii qaz tariflərinin artırılması üçün gözlənti və əsaslar yoxdur, yalnız çox minimal tənzimləmə mümkündür. Artım yalnız elektrik enerjisi tariflərinə təsir edəcək. Lakin o, bu gün konkret rəqəm və artım faizini açıqlaya bilmir, çünki tənzimləyici komissiya gündəlik rejimdə işləyir.
Onun sözlərinə görə, elektrik enerjisi tarifinə şirkətlərin auditinin yekunlaşdırılması işləri, yeni investisiya layihələri və köhnə layihələrin düzəlişləri təsir göstərəcək.
Gürcüstanda elektrik enerjisi tarifləri istehlak miqdarından asılıdır:
Tbilisidə:
101 kilovatt-saata qədər – 0,15 lari/kVt
101–301 kilovatt-saata qədər – 0,19 lari/kVt
301 kilovatt-saata qədər və daha çox – 0,235 lari/kVt
Regionlarda:
101 kilovatt-saata qədər – 0,14731 lari/kVt
101–301 kilovatt-saata qədər – 0,15707 lari/kVt
301 kilovatt-saata qədər və daha çox – 0,23227 lari/kVt