N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

"Bakı Metropoliteni": "Bu gün metroda doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək"

08-avqust-2025
Admin
"Bakı Metropoliteni": "Bu gün metroda doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək"
Yazı Ölçüsü:

"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq".

"PostMedia" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

A.Zamanovun sözlərinə görə, bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək:

“Bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib. Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib. Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar.

Bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır.

Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik".

"20 Yanvar" stansiyasının növbətçisi Mətanət Cəbrayılova isə hadisə ilə bağlı fikirlərini bölüşüb:

“Hər birimiz metroda baş verə biləcək fövqəladə hallara hazırlıqlı olmalıyıq. Stansiya əməkdaşları olaraq biz mütəmadi olaraq ilkin yardım təlimlərindən keçirik. Bu da bugünkü hadisədə öz bəhrəsini verdi. Mən və komanda yoldaşlarım hadisə zamanı özümüzü itirmədik. Yardım göstərmək üçün nə etməli olduğumuzu bilirdik və təcili tibbi yardım gələnə qədər qadının yanında olduq. Metro ictimai nəqliyyat vasitəsidir – burada hər an, hər şey baş verə bilər. Əsas odur ki, hazırlıqlı olaq.”

  • Mətanət Cəbrayılova
  • Anar Zamanov
Kateqoriyalar