6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Alimlər: Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır

15-iyul-2026, 11:36
Alimlər: Xəzər dənizinin səviyyəsi ildə 10 sm azalır
Yazı Ölçüsü:

Rusiyalı tədqiqatçılar qrupu 1993–2025-ci illər ərzində Xəzər dənizinin və Qaraboğazgöl körfəzinin səth sahəsinin azalmasını araşdırıb.

"PostMedia" xəbər verir ki, Rusiya Elmi Fondunun (REF) məlumatına görə, qrant hesabına aparılan tədqiqatın nəticələri “Yerin kosmik uzaqdan zondlanmasının müasir problemləri” elmi jurnalında dərc olunub.

Alimlərin məlumatına görə, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən etibarən fasiləsiz azalır və orta hesabla ildə təxminən 10 santimetr aşağı düşür. Bu müddət ərzində dənizin səviyyəsi ümumilikdə təxminən 3 metr enib.

Tədqiqatçılar yüksək ayırdetməli peyk məlumatlarını təhlil edərək Xəzərin su səthinin real itkilərini qiymətləndirməyə imkan verən yeni metod hazırlayıblar. Bu məlumatlar su balansının və dəniz səthindən buxarlanmanın daha dəqiq hesablanması üçün vacibdir.

Layihənin rəhbəri, Rusiya Elmlər Akademiyasının P. P. Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi Andrey Kostyanoy bildirib ki, məqsəd 1993–2025-ci illər ərzində Landsat-5, Landsat-7 və Landsat-8 peyklərindən əldə olunan məlumatlar əsasında Xəzər dənizi və Qaraboğazgöl üçün müasir hipsometrik əyrilər yaratmaq, həmçinin su səthinin hansı ərazilərdə daha sürətlə azaldığını müəyyən etmək olub.

Xəzər dənizinin səviyyəsinin azalması artıq region üçün mənfi nəticələr yaradıb. Belə ki, Volqa-Xəzər dəniz kanalında və limanlarda suyun səviyyəsinin aşağı düşməsi səbəbindən gəmiçilik çətinləşib, sahil xətti isə yaşayış məntəqələrindən uzaqlaşmağa başlayıb.

Mütəxəssislərin proqnozlarına görə, XXI əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi daha 2–21 metr azala bilər. Yeni metodologiya dənizin və körfəzin gələcəkdəki sahə itkilərini operativ şəkildə qiymətləndirməyə imkan verəcək.

Araşdırma zamanı 1993–2025-ci illər üzrə məlumatlar təhlil edilib. Məlum olub ki, 2025-ci ildə Xəzər dənizinin səviyyəsi -29,4 metr göstəricisinə düşüb. Bu, 1977-ci ildə qeydə alınmış tarixi minimumdan (-29,0 metr) də aşağıdır.

Alimlərin hesablamalarına əsasən, 1996–2025-ci illər arasında Xəzərin su səthinin sahəsi 28 644 kvadrat kilometr azalıb. Bu, 30 il əvvəlki göstəricinin təxminən 7,4 faizi deməkdir. Ekspertlərin fikrincə, son onilliklərdə Xəzər dənizi ölçüsünə görə Albaniya ərazisinə yaxın bir sahəni itirib.

Tədqiqatçılar yüksək statistik uyğunluğa malik hesablama modelləri hazırlayıblar. Onların sözlərinə görə, bu modellər Xəzərin səth sahəsini -26 metrdən -29 metrədək səviyyələrdə, Qaraboğazgöl körfəzinin vəziyyətini isə -27,1 metrdən -31 metrədək səviyyələrdə qiymətləndirmək üçün istifadə oluna bilər.

Kostyanoy bildirib ki, əldə olunan nəticələr Xəzərin su balansında morfometrik amilin rolunu qiymətləndirmək baxımından əhəmiyyətlidir. Dənizin səviyyəsi azaldıqca su səthinin kiçilməsi buxarlanmanı azaltmalı və nəzəri olaraq səviyyənin enmə sürətini zəiflətməlidir.

Lakin peyk altimetriyası məlumatları hələlik bu prosesin yavaşladığını göstərmir. Əksinə, 2005–2019-cu illərdə Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 8,16 sm, 2020–2024-cü illərdə isə ildə 22,7 sm azalıb.

Alimlərin fikrincə, hazırda Xəzərin su balansındakı illərarası dəyişikliklər hələ də su səthinin kiçilməsi nəticəsində buxarlanmanın azalmasından yaranan təsirdən daha güclüdür.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031